Milli Qurtuluş Günü əsgərlərlə birgə qeyd olunub

Milli Qurtuluş Günü əsgərlərlə birgə qeyd olunub

Bu gün Daxili Qoşunların Nərimanov rayonunda yerləşən "N" saylı hərbi hissəsində Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilib. SİA-nın məlumatına görə, Nərimanov rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon idarə və qurumların rəhbərləri, eləcə də bir sıra fəal gənclər hərbi hissədə olublar.

İlk çıxış edən hərbi hissənin komandiri, polkovnik Zəfər Əliyev bildirib ki, 15 iyun Azərbaycan tarixində müstəsna əhəmiyyətə malik bir mərhələnin əsasını təşkil edir: "Ümummilli lider Heydər Əliyevin yaratdığı idarəetmə sistemi ölkənin iqtisadi və siyasi inkişafının ən uğurlu parametrlərini müəyyənləşdirdi. Çünki məhz Ulu öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanda ictimai münasibətlər sisteminin bütün sahələrində sabitlik və qarşılıqlı anlaşma mühiti yaradılıb".

Daha sonra Daxili Qoşunların qısa zamanda böyük inkişaf yolu keçdiyini xatırladan Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Heydər Əliyevin torpaqlarımızın qorunmasında fədakarlıq və qəhrəmanlıq göstərdiyini, yüzlərlə şəhid verdiyini, Azərbaycan xalqına, dövlətçiliyinə xidmətin Daxili Qoşunların fəaliyyətində daim aparıcı istiqamət olduğunu bildirib. O, həmçinin prezident İlham Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atdığı addımlardan söz açıb.

Sonra hərbi hissənin əsgərləri təntənəli marşın sədaları altında tribunanın önündən keçiblər.

Məlumat üçün bildirək ki, xidmətdə fərqlənən əsgər, çavuş və zabitlər rayon İH-in qiymətli hədiyyələri ilə mükafatlandırılıb, daha sonra əsgərlər döyüş hazırlıqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, tədbir hərbi hissənin klubunda incəsənət ustalarının konsert proqramı ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə