Son günlər bəzi internet səhifələrində Lənkəran şəhəri barədə tamamilə yalan və iftiradan ibarət sicilləmə yazı verilmişdir. SİA-ya Lənkəran Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, yazı müəllifləri huşsuz adamlar kimi beynlərindəki sayıqlamaları internet səhifəsinə çıxararaq özlərini gülünc vəziyyətdə qoyublar.
Əvvələn, Lənkəran bazarı keçən əsrin 90-cı illərində özəlləşdirilərək səhmdar cəmiyyətə çevrilmişdir. Bu illər ərzində bazarda və bazarın ərazisində aparılan hər hansı tikinti və ya yenidənqurma işi yalnız Lənkəran bazar ASC tərəfindən həyata keçirilir. Hazırda da Lənkəran bazar ASC tərəfindən lənkəranlıların "yaşıl bazar" adlandırdıqları antisanitariyalı, üstüaçıq, pirimitiv, eybəcər formalı pələmələrdən ibarət ticarət cərgələrinin yerində müasir dizaynlı, yaraşıqlı görünüşə malik, işıqlı, geniş ticarət mərkəzi tikilir. Ticarət mərkəzi Lənkəran bazar ASC-nin əmlakıdır, heç kimə satılmır və yalnız istifadəyə veriləndən sonra icarəyə veriləcəkdir.
Göründüyü kimi bu məsələnin şəhər İcra hakimiyyətinə heç bir aidiyyəti yoxdur və ola da bilməz. Çünki İcra başçısı Taleh Qaraşov fəaliyyətində həmişə şəffaf quruculuq işləri ilə məşğul olmuş, özündən sonra abadlıq, səliqə-sahman, yerli əhali yanında hörmət və ehtiram saxlamışdır. Bu gün də Lənkəran rayonunun əhalisi, şəhər sakinləri Taleh Qaraşovun quruculuq işlərini ürəkdən bəyənirlər. Son vaxtlarda Lənkəran şəhərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər nəticəsində şəhərin siması tamamilə dəyişmiş, küçələr, səkilər abadlaşmış, yaşıllıqlar artmış, park və bağlar səliqəli şəklə düşmüşdür. Hazırda şəhərdə və rayon ərazisində kütləvi qazlaşma və yeni su-kanalizasiya sisteminin qurulması işləri aparılır. Yeni su-kanalizasiya sistemi qurulandan sonra Lənkəran şəhərinin bütün küçələri, o cümlədən şəhər Bələdiyyəsinin yerləşdiyi binanın qarşısı əsaslı şəkildə təmir olunub asfaltlanacaqdır.
Hər gün Lənkərana yüzlərlə xarici qonaq, turist və iş adamı gəlir. Onların çoxu yerli istehsalla tanış olmaq üçün bazarda olmaq istəyir. Görəsən, haqqında danışdığınız üfunətli "yaşıl bazar" həmin xarici qonaqlarda hansı təəssüratı oyadacaqdı? Oradakı palçıq və çirkabı görəndə onlar bizim haqqımızda nə düşünəcəkdilər? Bəlkə də bunlar sizi heç maraqlandırmır. Çünki təkcə son 1 il ərzində Lənkəranda görülən bu qədər gözəl işlər barədə bir kəlmə də olsun belə yazmamağınız, yalnız ağa qara deməyiniz, böhtan, şər söyləməyiniz sübut edir ki, siz bəd niyyətli, qara fikirli bədbəxt insanlarsınız. Sizin üçün Vətən təəssübkeşliyi, xalqa xidmət meyarı yoxdur. Bütün bunlar sübut edir ki, siz Həsən bəy Zərdabi ənənələrinə sadiq qalan jurnalistlər deyil, bəzi qara qüvvələrin diqtəsi ilə vəzifə borcunu vicdanla yerinə yetirən, xalqa xidmət etməyi özünə şərəf hesab edən ləyaqətli insanlara böhtan atmağı özünüzə peşə seçmiş nadan və cahillərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB