Səttar Mehbalıyev Beynəlxalq Əmək Təşkilatının 102-ci sessiyasında çıxış edib

Səttar Mehbalıyev Beynəlxalq Əmək Təşkilatının 102-ci sessiyasında çıxış edib

2013-cü il iyunun 5-də İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının 102-ci sessiyası öz işinə başlayıb. Sessiyanın gündəliyinə daxil edilmiş məsələlər sırasında "Yeni demoqrafik şəraitdə məşğulluq və sosial müdafiə" mövzusu iştirakçılar tərəfindən geniş müzakirə edilib.

SİA-ya verilən məlumata görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev sessiyada həmin məsələ ilə bağlı çıxış edib.

AHİK sədri öz çıxışında qeyd edib ki, müzakirəyə çıxarılmış problem demoqrafik inkişaf səviyyəsi müxtəlif olan ölkələrin əmək bazarlarının sosial-iqtisadi fəaliyyəti üçün maraqlı və aktualdır: "Birləşmiş Millətlər Təşkilatının klassifikasiyasına uyğun olaraq, insanların xüsusi çəkisi 65 yaş və ondan yuxarısı 4 faizdən az təşkil edirsə, ölkələrin əhalisi "gənc", 4-7 faiz təşkil edirsə "yaşlanan", 7 və ondan yuxarı faiz təşkil edirsə "yaşlı" hesab olunur. Hazırda inkişaf etmiş ölkələrdə əhalinin yaşlanması prosesi daha sürətlə davam edir. Əksər Avropa ölkələrində əhalinin 65 yaşdan yuxarı olan hissəsi 15-17 faizi təşkil edir. Bu bir tərəfdən doğum səviyyəsinin aşağı düşməsi, digər tərəfdən isə uzunömürlülüyün artması ilə əlaqədardır. Verilən məlumatlara görə, yaxın gələcəkdə planetin əhalisinin orta yaşı sürətlə artacaq və 2030-cu ilə kimi 35 yaşa çatacaq".

S.Mehbalıyev qeyd edib ki, mənim sadaladığım demoqrafik dəyişikliklər həmçinin Azərbaycana da aiddir: "Əgər 20 il əvvəl bizim dövlətimizin əhalisini nisbətən gənc adlandırmaq mümkün idisə, indi "yaşlanan" hesab oluna bilər. Bu müddət ərzində insanların xüsusi çəkisi 65 yaş və ondan yuxarı 4,8 faizdən 5,8 faizədək artıb, ancaq əhalinin 15 yaşadək çəkisi 33,1 faizdən 22,3 faizə enib. Uzunömürlülük isə dayanmadan yüksələrək hazırda 74 yaş həddinə yaxınlaşır".

AHİK sədri daha sonra qeyd edib ki, 2007-2012-ci illər ərzində respublika iqtisadiyyatına demək olar ki, 100 milyard ABŞ dolları həcmində investisiya qoyulub ki, bunun da 60 milyardı daxili ehtiyatlar hesabına olub: "Nəticədə 1 milyon 100 mindən çox əlavə iş yerləri yaradılıb. Bunun 70 faizi ölkənin regionlarında daxili miqrasiyanın əhəmiyyətli dərəcədə azalmasına, işsizliyin səviyyəsinin 11%-dən 5,2%-ə enməsinə səbəb olub. 130 min ailə və yaxud 600 min insan bu gün ünvanlı sosial yardım alır".

Çıxışının sonunda AHİK sədri vurğulayıb ki, əhalinin yaşlanması təbii proses olaraq qacınılmazdır və dönməzdir. Lakin müvafiq tədbirlər vaxtında işlənib hazırlansa və həyata keçirilsə, bu prosesin neqativ nəticələrindən qaçmaq olar.

Qeyd edək ki, Beynəlxalq Əmək Təşkilatının 102-ci sessiyası öz işini iyunun 20-dək davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə