Xətai Rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı əsasında Milli Qurtuluş günü münasibətilə keçirilən tədbirdə bir daha qeyd olundu ki, düzgün qurulan siyasətin nəticəsi olaraq dünyaya günəş kimi parlayan Azərbaycanın qarşısında daha geniş imkanlar açılır
SİA-nın verdiyi məlumata görə, bu gün Xətai Rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı əsasında Milli Qurtuluş günü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək, abidəsi önünə əklil və qızıl gül dəstələri qoyublar.
Sonra YAP Xətai rayon təşkilatının qərargahında davam etdirilən tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatı İdarə Heyətinin üzvü, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bildirib ki, 1993-cü il 15 iyun tariximizə qızıl hərflərlə yazılıb. Müstəqilliyimizin ilk illərində xalqımızın üzələşdiyi ağır problemlərin fonunda bu tarixin əhəmiyyəti, Azərbaycanın bu günü üçün önəmi daha aydın görünür. Yenicə müstəqillik qazanmış hər bir dövlətin qarşısında həlli vacib məsələlər dayanır ki, onların yüksək səviyyədə yerinə yetirilməsi, qarşıya qoyulan məqsədə nail olmaq üçün düzgün yolun seçilməsi mütləqdir. Bu yolun düzgün müəyyənləşdirilməsi isə ölkəyə rəhbərlik edən liderin siyasi bacarığından, dövlətçilik təcrübəsindən çox asılıdır. Müstəqilliyimizin ilk illərində ölkəyə şəxsi maraqlarını dövlətin mənafeyindən üstün tutan qüvvələrin rəhbərlik etməsi, bunun nəticəsi olaraq geniş vüsət alan ictimai-siyasi gərginlik, hərc-mərclik, anarxiya və özbaşınalıqlar, iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin talan edilməsi dərin siyasi və iqtisadi-sosial böhranla nəticələndi. Azərbaycan parçalanmaq, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldı. Belə bir çətin məqamda xalq öz xilaskarına-ulu öndər Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyətin xalqın səsinə səs verib, onlarla bir, həmrəy olduğunu bildirməsi bir daha bu reallığı təsdiqlədi ki, onun üçün hər şeydən əziz xalqıdır, Vətənidir, torpağıdır. Ulu öndər bildirmişdir: "Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır. Mənim başqa məqsədim, amalım yoxdur. Bunu isə mən xalqla birlikdə, xalqın dəyərli insanları, hörmətli adamları ilə, xalqın irəli çəkdiyi nümayəndələri ilə birlikdə edə bilərəm".
Bildirilib ki, ulu öndər iyunun 9-da Naxçıvandan Bakıya gəldi, sonra isə qanlı hadisələrin mahiyyətini öyrənib vətəndaş müharibəsinin alovlanmasının qarşısını almaq üçün Gəncəyə getdi. Heydər Əliyevin həm Bakıda, həm də Gəncədə əhali ilə görüşlərinin, AXC-Müsavat hakimiyyəti üzərinə qalxmış Surət Hüseynovla apardığı danışıqların nəticəsi bu oldu ki, Bakıya yürüş edən silahlı dəstələr geri qaytarıldı, vətəndaş müharibəsi təhlükəsi sovuşdu, xalqda sabaha inam yarandı. Xalqına arxalanan ulu öndər Heydər Əliyev bu birlik sayəsində bugünkü inkişafın təməlini qoydu.
R.Məmmədov bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın biri-birindən əhəmiyyətli uğurlara imza atmasına stimul verir. Azərbaycan Cənubi Qafqazın parlayan ulduzu kimi dəyərləndirilir, gələcəyinə böyük inam ifadə olunur.
Milli Məclisin deputatı Səməd Seyidov çıxışında Azərbaycanın bu gün beynəlxalq münasibətlər sistemində artan rolundan və mövqeyindən geniş bəhs edib. Bu günlərdə 20 illik yubileyini qeyd edən Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası" sərgi- konfransına diqqət yönəldən S.Seyidov bildirib ki, bu kimi tədbirlər Azərbaycanın malik olduğu imkanların dünyaya təqdimatında əhmiyyətli rol oynayır. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasından öncə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk belə bir sərginin keçirilməsi Azərbaycanın müstəqil dövlət kimi nufuzana öz müsbət təsirini göstərdi. Ənənəvi keçirilən sərgi-konfrasda daim dövlət başçısı İlham Əliyev ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft straegiyasının əhəmiyyətini önə çəkərək birinci sərginin təşkil olunduğu dövrdə ölkəmizdə mövcud durumu xarakterizə edərək bildirir ki, o vaxt ölkəmiz gələcək inkişaf istiqamətlərini müəyyən edirdi- Azərbaycan necə inkişaf edəcək, hansı ölkəyə çevriləcəkdir?! Əlbəttə ki, bizim əsas potensialımız olan neft ölkənin ümumi inkişafına xidmət göstərməli idi. Bunu etmək üçün mütləq xarici tərəfdaşlar Azərbaycana sərmayə qoymalı idilər. Çünki o vaxtı Azərbaycanın maddi imkanları çox məhdud idi. Biz buna nail ola bildik. Qısa müddət ərzində müxtəlif irimiqyaslı, böyük şirkətlər Azərbaycana gəldi, sərmayə qoymağa başladılar. Beləliklə, Azərbaycanın uğurlu inkişafı başlandı.
S.Seyidov bildirib ki, məhz bu uğurlarımızın fonunda böyük qətiyyətlə deyə bilərik ki, 15 iyun Milli Qurtuluş günü yalnız Azərbaycanın müasir tarixinin keçmişi deyil, eyni zamanda bu günüdür.
YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov bildirib ki, ulu öndər Heydər Əliyevin müasir Azərbaycanın memarı, qurucucu kimi təqdim olunması da adi təqdimat deyil. Bu, həmin dövrün, 1993-cü ilin iyun hadisələrinin bir cümlə ilə təhlilidir. Amma dahi şəxsiyyət Azərbaycanın düşdüyü ağır durumdan xilas olacağına böyük inamla yanaşdı: "Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir".
Mövcud problemlərin çözüləcəyinə xalqda böyük inam hissi yaradan ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi bu fikir bu günun gerçəklikləri fonunda özünü təsdiqləməklə yanaşı onun xalqımız, dövlətimiz qarşısındakı xidmətlərinə də aydınlıq gətirir. Düzgün qurduğu daxili və xarici siyasətin nəticəsidir ki, müstəqil Azərbaycan beynəlxalq aləmdə qüdrətli, zəngin, demokratik ölkə kimi mövqeyini günbəgün möhkəmləndirir. "Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir. Bizim yolumuz bu yoldur və mən sizə bir daha söz verirəm ki, biz məhz bu yolla gedəcəyik" söyləyən ulu öndər Heydər Əliyevin bu istiqamətdə atdığı uğurlu addımların nəticəsidir ki, bu gün Azərbaycanın demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilir.
Bildirilib ki, "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" söyləyən ulu öndər Heydər Əliyevin 19 il əvvəl əsasını qoyduğu yeni neft strategiyası, bu strategiyanın təməlində dayanan "Əsrin müqaviləsi" Azərbaycanın bugünkü və gələcək yoluna işıq saçır. Azərbaycanın zəngin təbii resurslarının dünya bazarlarına çıxarılması, neft gəlirlərini ölkəmizin hərtərəfli inkişafına, xalqımızın rifahının yüksəlməsinə sərf edilməsi dahi şəxsiyyətin uzağa hesablanmış siyasətində əsas yer tuturdu. 1994-cü ildə çoxlarına əfsanə kimi görünən layihələrin bu gün uğurla gerçəkləşməsi ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin göstəricisidir. Neft strategiyası Azərbaycanın qarşısında geniş üfüqlər açır.
YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan tarixinin Qurtuluş səhifəsini vərəqləyərək bildirib ki, müstəqilliyimizin ilk illərində ölkəyə idarəçilik qabiliyyəti olmayan, şəxsi maraqlarını dövlətin, xalqın mənafeyindən üstün tutan şəxslərin rəhbərlik etməsi ucbatından Azərbaycan adlı dövlətin varlığı sual altında qalmışdır. Xalqın sabaha ümidi yox idi. Belə bir çətin vəziyyətdə xalqın yeganə xilaskarı ulu öndər Heydər Əliyev oldu. Dahi şəxsiyyətin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu. 15 iyun 1993-cü ilin tarixə Milli Qurtuluş günü kimi daxil olması Azərbaycan xalqının, dövlətinin xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi böhrandan qurtulduğunu özündə ehtiva edir.
V.Rəhimzadə bildirib ki, Azərbaycanın biri-birini əvəzləyən uğurları harda yaşamasından asılı olmayaraq bütün soydaşlarımızı sevindirməli, onları üzərilərinə düşən məsuliyyəti daha yüksək səviyyədə yerinə yetirmələrinə stimul verməlidir. Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində, ölkəmizin qüdrətlənməsində, beynəlxalq aləmdə yeri və rolunu artırmasında dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın birliyini, həmrəyliyini mühüm vəzifə kimi qarşıya qoyurdu. Ümummilli liderin "Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmağını istəyirsə, kim Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o bu bayraq altında, bu sözlər altında, bu amal ətrafında birləşməlidir" çağırışı da bu istəyinin təsdiqi idi. Dahi şəxsiyyətin təşəbbüsü ilə yaradılan, soydaşlarımızın dünyaya inteqrasiyasının növbəti, sivil mərhələsi olan diaspora hərəkatı milli birlik, həmrəylik, azərbaycançılıq, eyni zamanda vətəndaşlıq borcu prinsipləri əsasında inkişaf edir, möhkəmlənir, dövlət siyasətinin prioritetləri kimi böyük önəm daşıyır. Ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hər sahədə inamla irəliləyir. Cənab İlham Əliyev 2003-cü ildə müsahibələrinin birində qeyd etmişdir ki, Azərbaycanın daha qüdrətli, güclü dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Son 10 ilin uğurlarına diqqət yetirdikdə bu vədin konkret əməli işdə təsdiqini tapdığının şahidi oluruq.
Bu gün böyük fəxr və inam hissi ilə qeyd edirik ki, güclü, qüdrətli Azərbaycan hər birimizin qürur mənbəyidir.
AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, professor Vaqif Abbasov ulu öndər Heydər Əliyevin Azərbaycan elminin, təhsilinin inkişafına göstərdiyi diqqət və qayğıdan geniş bəhs edib. Bildirib ki, 1970-1980-ci illərdə ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsu ilə gənclərin keçmiş ittifaqın müxtəlif ali məktəblərinə kütləvi şəkildə göndərilməsi yüksək ixtisaslı mütəxəssislərlə təminat baxımından respublikanın qabaqcıl mövqelərə çıxmasına imkan yaratmışdı. Ulu öndər Heydər Əliyevin Azərbaycana hakimiyyətinin ikinci dövründə də bu sahə daim öndə olmuşdur. Dahi şəxsiyyətin ilk görüşünün məhz ziyalırlarla keçirməsi də bunun təsdiqi idi. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu bu ənənə hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər elm və təhsil sahələrində alim, müəllim və tələbələrin mübadiləsi geniş vüsət alıb. Təbii ki, müasir mərhələdə ölkəmizin iqtisadi qüdrəti gənclərimizin yeni bilik, informasiya və texnologiyaları qavraması qabiliyyəti ilə bilavasitə bağlıdır. Mövcud intellektual potensialın zənginləşdirilməsi ölkəmizdəki elm və təhsil ocaqları ilə bərabər, xarici ölkələrdə kadr hazırlığı məsələsini aktuallaşdırır, xarici dilləri mükəmməl bilən, informasiya-kommunikasiya texnologiyalarına yiyələnən və beynəlxalq diplomatik təcrübəni yaxşı mənimsəyən yüksək hazırlıqlı mütəxəssislərə olan ehtiyacın ödənilməsini tələb edir. Dövlət başçısı İlham Əliyevin fərmanı ilə təsdiqlənən "2007-2015-ci illər üçün Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almaları ilə bağlı Dövlət Proqramı" da bu məqsəd xidmət edir.
V.Abbasov bildirib ki, bu gün Azərbaycanın ali təhsil ocaqlarında təhsil alan xarici tələbələrin sayının artması da ölkəmizin nüfuzunun, təhsilinin yüksək səviyyədə olmasının göstəricisidir.
Professor Ədalət Fərəcov 15 iyun 1993-cü ildən başlanan Qurtuluşun Azərbaycana qazandırdığı uğurlardan geniş bəhs edib. Bildirib ki, Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı Prezident İlham Əliyevin son 10 ildə gördüyü işlər, bunların nəticəsi olaraq ölkəmizin qazandığı uğurlar dünya siyasətçiləri, politoloqları tərəfindən də geniş təhlil olunur, yüksək qiymətləndirilir. Azərbaycanın çiçəklənən respublika kimi dəyərləndirilməsi ölkəmizdə həyata keçirilən siyasətin alternativsizliyinin təsdiqidir.
Çıxışlarda ümumi fikir bu olub ki, düzgün qurulan siyasətin nəticəsi olaraq dünyaya günəş kimi doğan Azərbaycanın qarşısında daha geniş imkanlar açılır. Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı İlham Əliyev 20 illik müstəqillik tarixində qazanılan uğurların fonunda qarşıdakı on ilin aydın mənzərəsini yaradaraq təsdiqlədiyi "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası bu məqsədlərə çatmağın yollarını müəyyənləşdirir. Yaxın gələcəkdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasında addımlaması, yüksək gəlirli ölkəyə çevrilməsi başlıca hədəfdir.
Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub. Partiya sıralarına yeni daxil olanlara üzvlük vəsiqəsi təqdim edilib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB