"Azərbaycanın gücü Türkiyənin gücüdür"

"Azərbaycanın gücü Türkiyənin gücüdür"

Millət vəkili Qənirə Paşayeva İnegöl Bələdiyyəsinin sədri Alinur Aktaş ilə görüşüb. SİA-nın məlumatına görə, Qənirə Paşayeva Ertuğrul Qazi Dərnəyinin dəvəti ilə İnegöl şəhərində keçirilən Ertuğrul qazini anma ve İnegöl şənlikləri proqramında fəxri qonaq kimi iştirakından məmnuniyyətini ifadə edib. Azərbaycan və Türkiyənin "Bir millət, iki dövlət" olduğunu deyən millət vəkili özünü qonaq yox, vətəndəki kimi hiss etdiyini vurğulayıb: "Bursa hamımızın könlündə mənəvi paytaxtdır. İnegöl də mənim üçün qiymətli bölgələrindən biridir. Ertuğrul Gazi dərnəyinin varlığından da çox məmnun oldum. Çünki belə böyüklərimizin adlarını daşıyan və onların düşüncə missiyasını üzərinə götürən təşkilatlara ehtiyac var".

Qənirə Paşayeva həmçinin Bələdiyyə sədri Alinur Aktaşa, İnegöl kimi iqtisadiyyatı inkişaf etmiş bir şəhərin Azərbaycandakı şəhərlərdən biri ilə hələ də qardaşlaşmamasına təəssüfləndiyini bildirib. Millət vəkili Tovuz şəhəri ilə qardaşlaşmış şəhər olmaları təklifini verərək, nəticədə dövlətlərlə yanaşı, bölgələrin də bu sahədə xeyli iş görə biləcəyinə inandığını söyləyib.

Alinur Aktaş, hazırda 6 ölkənin şəhərləri ilə qardaşlaşdıqlarını, bu sıraya Azərbaycandan da bir şəhərin qatılmasından məmnun olacaqlarını dilə gətirib.

Sonda Qənirə Paşayeva A.Aktaşa Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materialları və həmmüəllifi olduğu kitabları hədiyyə edib.

Q. Paşayevaya isə İnegöl şəhərinin tarixi ilə bağlı materiallar hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə