Millət vəkili seçicilərin təklifini sədrə çatdırdı

Millət vəkili seçicilərin təklifini sədrə çatdırdı

Parlamentin növbədənkənar iclası davam edir. SİA-nın məlumatına görə, millət vəkili Məlahət İbrahimqızı "Milli Qurtuluş Günü"nün 20 illiyi ilə bağlı fikirlərini bildirib. O çıxışı zamanı deyib ki, bu il Milli Qurtuluş tarixinin 20 illiyidir: "Bu tarix Azərbaycan çağdaş dövlətçilik tarixində müstəsna yeri olan bayramdır. 1993-cü ildə xalqımızın təkidi ilə Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması Azərbaycanın müstəqilliyinin əbədiyyətə qovuşmasının təməli idi. Ümumilli liderin vaxtında aparılan daxili və xarici siyasəti bu gün layiqincə davam etdirən möhtərəm prezident İlham Əliyevin gərgin əməyi nəticəsində Azərbaycan Qafqazın və regionun ən inkişaf etmiş ölkələri sırasındadır. Təbii ki, hər bir azərbaycanlı kimi, bununla fəxr edirik".

Məlahət İbrahimqızı həmçinin dünyanın bütün ölkələrində olan "Akkreditə olunmuş ailələr haqqında" qanun layihəsinə diqqət çəkib. O bildirib ki, bu qanun layihəsi nəticəsində turistlərlə bərabər, otellərdə akkreditə olumuş ailələr də qalırlar: "Hesab edirəm ki, bu məsələyə bizdə də baxa bilərik, bununla bağlı seçicilər də müraciət edir. Azərbaycanda turizm sahəsində böyük inkişaf var. Ailələrin daha yaxşı yaşamaları, inkişafı üçün bu, çox vacibdir".

Bununla bağlı Oqtay Əsədova müraciət edən deputat Milli Məclisin payız gündəliyində sözügedən məsələnin qaldırılmasını xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə