Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Sazbənd Usta Xudunun xatirə gecəsi keçirilib. SİA-nın məlumatına görə, baş tutan gecənin aparıcısı şair-publisist Əkbər Qoşalı, ilk öncə dövlət başçısı İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun və bilağvasitə Mehriban xanım Əliyevanın mədəniyyətə qayğı, xalqımızın mədəni sərvətlərinin, o cümlədən aşıq sənətinin, sazın qorunması və beynəlxalq səviyyədə təbliği sahəsində gördüyü işlərdən söz açıb.
Gecənin təşkilatçısı olan "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin sədri, millət vəkili Qənirə Paşayeva öz çıxışında respublikada milli sənətə, ümumən mədəniyyət və incəsənətin inkişafına verilən dövlət dəstəyini ölkədə prezident İlham Əliyev cənablarının başçılığı ilə həyata keçirilən ümumi inkişaf strategiyasının tərkib hissəsi kimi xarakterizə edib, konkret olaraq aşıq sənətinin inkişafı ilə bağlı həyata keçirilən layihələrdən söz açıb.
Qənirə Paşayeva 2004-cü ildə 72 yaşında haqqa qovuşmuş ünlü sazbənd, el arasında Usta Xudu ismi ilə tanınan Xudaverdi Mahmudovun xatirə gecəsinin keçirilməsini, ona həsr olunmuş "Sazbənd... saza bənd..." kitabının işıq üzü görməsini bir qədirşünaslıq aktı və vəfa borcu adlandırıb.
Usta Xudunun əsəri olan mükəmməl sazların yalnız Azərbaycanda deyil, neçə-neçə xarici ölkədə də milli maddi mədəniyyəti nümunəsi olaraq muzeylərdə, şəxsi kolleksiyalarda, mədəniyyət ocaqlarında qorunduğunu qeyd edərək, şəxsən onun özünün təşəbbüsü və iştirakı Tovuza səfər etmiş, onlarla xarici diplomata verilməsindən məmnunluqla söz açıb.
Millət vəkilinin çıxışından sonra səhnəyə çıxan Usta Xudunun övladı, onun yolunun davamçısı Usta Fərman özünün ərsəyə gətirdiyi sazı xanım millət vəkilinə hədiyyə edib. Q.Paşayeva bu hədiyyənin onun üçün çox qiymətli olduğunu deyərək, Xudu ocağının davamçılarına təşəkkürlərini bildirib.
Xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub, professor-doktor Qəzənfər Paşayev, şair, Prezident təqaüdçüsü İlyas Tapdıq çıxış edərək, Usta Xudu ilə bağlı xatirələrini, onunla tanışlıqları, onun fəaliyyətinin milli mədəniyyətimizdə hadisə olması barədə fikirlərini bölüşüblər.
Qeyd edək ki, gecədə ustad aşıqlar – Ədalət Nəsibov, Əli Ürfan (Quliyev), Mahmud Məmmədov, Əhliman Rəhimov, aşıqlar Gülarə Azaflı, Solmaz Kosyaeva, Aşıq Cahangir, Ədalət Dəlidağlı, Aşıq Zülfiyyə, İsa Dirsəxanlı, Altay Məmmədli, Nemət Qasımlı, Fəzail Miskinli, Kəmalə Qubadlı, Aytəkin Qənbərqızı, Ramil Qasımlı, Nasir Laçınlı (Alxasov), Elçin Xalidoğlu, Şahin Məzəmli, tanınmış xanəndə Ağakərim Nafiz və başqaları çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB