Bu gün Azərbaycan Dillər Universitetində Çin Mərkəzinin və Azərbaycan universitetləri içərisində ilk dəfə olaraq ADU-da "Açıq kitabxana"nın açılış mərasimi keçirilib və universitetin müəllim və tələbələrinin ixtiyarına verildi. SİA-nın xəbərinə görə, açılışda müxtəlif dövlət və hökumət müəssisələrinin nümayəndələri, millət vəkilləri, ziyalılar, beynəlxalq təşkilatlar, səfirliklər və digər idarə və müəssisələrinin nümayəndələri iştirak ediblər.
Tədbir qədim Çinin milli ənənəsi olan, şər qüvvələri ram edən, xeyirli işlərə yaxınlaşdıran Əjdahanın rəqsi ilə açıq elan olunub.
Tədbirdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov bu gün ADU-da "Açıq kitabxana"nın və Çin Mərkəzinin açılış mərasiminin qeyd olunduğunu bildirib. O, vurğulayıb ki, bu, Azərbaycan ali təhsil müəssisələri içərisində ilk dəfə olaraq məhz ADU-nun təşəbbüsü ilə baş tutub: "Azərbaycanda ilk dəfə olaraq ADU-da "Açıq kitabxana" bu gündən istifadəyə verilir. Hazırda mindən çox kitab açıq şəkildə həm universitet tələbələrinin, həm də ümumilikdə maraqlananların ixtiyarındadır".
Tədbirdə, bununla yanaşı Çin Mərkəzi haqda danışan ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov çıxışında dünyanın 15-ə yaxın ölkəsinin mədəniyyətlərini və tarixini əks etdirən mərkəzlərin mövcud olduğu ADU-nun təhsil sisteminin ayrılmaz bir hissəsi olaraq inkişaf etdiyini söyləyib. Rektor Səməd Seyidov bu gün açılan Çin Mərkəzinin, o cümlədən ADU-da fəaliyyət göstərən digər mərkəzlərin universitet tələbə və müəllimləri ilə yanaşı, eyni zamanda ölkənin başqa universitetləri, ümumilikdə xarici dillərlə maraqlanan bütün insanlar üçün açıq olduğunu vurğulayıb.
Səməd Seyidov Azərbaycan və Çin Xalq Respublikası arasındakı geniş, dərin tarixə malik münasibətləri qeyd edərək Çin Mərkəzinin fəaliyyətinin bu istiqamətdə atılmış önəmli bir addım olduğunu nəzərə çatdırıb. O, bildirib ki, ADU-da fəaliyyət göstərən mərkəzlər yalnız dil öyrətməyə xidmət göstərmir, həmçinin ölkələrarası əlaqələrin inkişafına səbəb olur. Səməd Seyidov ADU-nun nümayəndə heyətinin ÇXR-nın Siçuan Universitetində əməkdaşlığa dair müqavilələr imzaladığını və qarşılıqlı müəllim-tələbə mübadilələri əsasında əlaqələrin əsasının qoyulduğunu xatırladıb.
Daha sonra Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xun Tsui çıxış edərək Azərbaycan Çin arasındakı diplomatik əlaqələrin qurulmasından 21 il sonra da dostluq münasibətləri inkişaf etməkdə olduğunu söyləyib. O, Çin Mərkəzinin açılışının və sonrakı fəaliyyətinin inkişaf etməkdə olan əlaqələrin möhkəmlənməsində əhəmiyyətli rol oynadığını və bundan sonra da oynayacağını bildirib. Xun Tsui bugünkü tədbirin münasibətlərin uğurlu inkişafna nümunələrdən biri olduğunu diqqətə çatdırıb.
Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, YAP-ın sədr müavini-İcra katibi Əli Əhmədov ADU-da Çin Mərkəzinin açılması ilə tələbələrin Çin dili və mədəniyyətini mənimsəyəcəklərini bildirib. O, vurğulayıb ki, bu, təkcə tədris mərkəzi deyil, eyni zamanda Çin-Azərbaycan dostluğunun əhəmiyyətli bir köşkünə çevriləcək: "Çin və Azərbaycan dövlətləri arasında bütün sahələrdə, xüsusilə siyasi sahədə çox səmərəli əməkdaşlıq mövcuddur və belə bir mərkəzin yaradılması eyni zamanda dövlətlərarası münasibətlərin inkişafına da öz töhfəsini verəcək".
Çinin dünyaya verdiyi töhfələrdən danışan Əli Əhmədov hələ XII əsrdə Nizami Gəncəvinin "Yeddi gözəl" poemasında müəllifin Çin gözəlini tərənnüm etdiyini də xatırladıb.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA-nın həqiqi üzvü, professor Ziyad Səmədzadə Çinə səfərlərindən bəhs edib və təəssüratlarını 50-ə yaxın elmi məqalədə və 4 kitabda cəm etdiyini vurğulayıb. O, Çinin iqtisadi baxımdan dünyaya verdiyi töhfələrdən söz açıb. Ziyad Səmədzadə Azərbaycan və rus dillərində nəşr olunmuş "Çin qlobal dünya iqtisadiyyatında" adlı kitabını yenicə açılan Çin Mərkəzinə hədiyyə edib.
Daha sonra çıxış edən ÇXR-nın Siçuan Universitetinin fəxri professoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin deputatı Asəf Hacıyev də öz növbəsində ADU-da Çin Mərkəzinin açılışının ölkələrarası əlaqələrin inkişafında oyanacağı böyük rolundan danışıb. Asəf Hacıyev ADU-nun yüksək təhsillə bağlı gözəl ideyaların irəli sürüldüyü al təhsil ocağı olduğunu dilə gətirib.
Sülh mədəniyyəti İnstitutunun rektoru, "Avropa-Asiya" Beynəlxalq Humanitar Akademiyasının Prezidenti Engel Taqirov mədəniyyətlərin kəsişdiyi təhsil məkanında olmaqdan məmnun olduğunu söyləyib. O, rektor Səməd Seyidovun "Avropa-Asiya" Beynəlxalq Humanitar Akademiyasının ümumi iclasının qərarına əsasən "Avropa-Asiya" Beynəlxalq Humanitar Akademiyasının həqiqi üzvü seçilməsini elan edib və akademik diplomu təqdim edib.
Çin Məkrəzinin müdiri Rafiq Abbasov isə Çin mərkəzini strukturu, fəaliyyəti, gələcək planlarından danışıb. O, bu mərkəzin nəinki tədrisə xidmət göstərdiyindən, həmçinin Çin dili və mədəniyyətinin öyrənilməsində də böyük rol oynadığını qeyd edib. O, çıxışında Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan-Çin münasibətlərinin bugünkü dövrümüzdə də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsindən, Çinlə aparılan uğurlu diplomatik əlaqələrdən, məktublaşmalar, müsahibələr, səfərlərdən və bu addımların verdiyi səmərəli nəticələrdən söz açıb.
Tədbirdə Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfərlərindən görüntülər təqdim olunub.
Daha sonra ADU-nun Çin mərkəzinin fəaliyyətini, bu günə kimi gördüyü işləri əks etdirən fotoşəkillər nümayiş olunub. Tədbirdə Milli Çin mahnılarının mahir ifaçısı, Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuanın ifasında kliplər göstərilib. ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasında təhsil alan tələbələri Çinin milli mahnısı "Molixua" (əyləncəli mahnı) ifa ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB