Tovuzda 15 iyun Qurtuluş Günü qeyd olunub

Tovuzda 15 iyun Qurtuluş Günü qeyd olunub

Tovuzda 15 iyun Qurtuluş Günü münasibəti ilə "N" saylı hərbi hissədə və rayon mərkəzində tədbirlər keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, millət vəkili Qənirə Paşayeva, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Yüzlərlə rayon sakininin iştirak etdiyi tədbir, Türkiyənin tanınmış sənətçisi Oya Ergün, Azərbaycanın əməkdar artisti Könül Xasıyevanın və rayonun tanınmış sənətçilərinin iştirakı ilə geniş konsert proqramı ilə davam edib.

Tədbirdə çıxış edən Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov 15 iyun - Qurtuluş gününün əhəmiyyətindən, Ümummilli lider Heydər Əliyevin xalq qarşısındakı əvəzsiz xidmətlərindən danışıb. O, bildirib ki, Ümummilli lider Heydər Əliyevin məqsədyönlü siyasəti, müstəqil Azərbaycanın siyasi-iqtisadi inkişafına yol açıb.

Azərbaycanın getdikcə artan siyasi nüfuzu, dünya ölkələri arasında özünə layiqli yer tutması məhz Ümummilli lider Heydər Əliyev siyasətinin uğurlu nəticəsi olduğunu deyən, millət vəkili Qənirə Paşayeva bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Çıxışının sonunda millət vəkili "gələn bayramlarımızı birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Xankəndində, Xocalıda, Şuşada və bütün o gözəl bölgələrimizdə keçirək. İnanırıq ki, o gün uzaqda deyil. Biz hamımız bunun üçün əlimizdən gələni etməliyik", - sözlərinə əlavə edib.

Qeyd edək ki, sonda hərbi xidmətində fərqlənən əsgər və zabitlərə hədiyyələr təqdim edilib. Tədbir Türkiyənin tanınmış sənətçisi Oya Ergün və əməkdar artist Könül Xasıyevanın geniş konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə