“I İngilis Dili Olimpiadası”nın təltifetmə mərasimi keçirilib

“I İngilis Dili Olimpiadası”nın təltifetmə mərasimi keçirilib

Azərbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyilə Tələbələrarası I İngilis dili Olimpiadasının təltifetmə mərasimi keçirilib.

ATGTİ-dən SİA-ya verilən məlumata görə, olimpiada iki mərhələdən (yarımfinal və final) ibarət idi. Olimpiadada iştirak etmək üçün 1000-ə qədər tələbə müraciət edib. İlkin mərhələ 18 may tarixində keçirilib və tələbələrə 50 test tapşırığı təqdim edilib. Birinci mərhələnin nəticələrinə əsasən 75% və yuxarı nəticə göstərən tələbələr finalda iştirak hüququ əldə ediblər. 25 may tarixində keçirilən final mərhələsində isə iştirakçılara "History, art and culture of Azerbaijan" mövzusunda inşa yazmaq təklif olunub.

Müsabiqənin nəticələrinə uyğun olaraq Azərbaycan Diplomatik Akademiyasının tələbəsi Toğrul Novruzlu birinci, Azərbaycan Dillər Universitetinin tələbəsi Günay Mirzəyeva ikinci və Qafqaz Universitetinin tələbəsi Cavad Məmmədbəyli üçüncü yerə layiq görülüb.

Qeyd edək ki, finalda iştirak hüququ əldə etmiş bütün iştirakçılar sertifikatlarla mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə