"İnternetin yeniyetmələrin həyatına müdaxilə etməsi dövləti müəyyən dərəcədə problemlərlə üzləşdirir. Bu məsələ Azərbaycanda uşaqların internet təhlükəsizliyi problemini aktuallaşdırır. Odur ki, bu problemin həllində hamının birləşməsinə ehtiyac var". SİA-nın məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli AŞ PA tərəfindən Bakıda keçirilən "Uşaqların rifahı cəmiyyətin rifahının göstəricisidir" adlı beynəlxalq konfrans çərçivəsində Xüsusi Alt Komitənin iclasında bildirib.
Onun sözlərinə görə, son vaxtlar Azərbaycanda genişzolaqlı internetdən istifadə edənlərin sayı artmaqdadır və bu da şübhəsiz ki, uşaqların bundan istifadə zamanı təhlükəsizliyinə ciddi maneə yaradır: "Bu problemin qarşısının alınması üçün vətəndaş cəmiyyəti, özəl sektorun və beynəlxalq qurumların birliyinə ehtiyac var. Həmçinin, bu məsələ tənzimləyici və özünütənzimləyən mexanizmlərin yaradılmasını ortaya qoyur. Orta məktəblərdə, təlim-tərbiyə müəssisələrində, xüsusilə azyaşlılar arasında internetdən istifadəyə məsul şəxslər təyin olunsunlar və onlar bu işə nəzarəti həyata keçirsinlər. Bununla yanaşı, aidiyyəti qurumlarda internetdən istifadə zamanı təhlükəsizlik məsələlərinə nəzarət edəcək strukturların yaradılması da mümkündür".
Azərbaycanın kibercinayətkarlığa qarşı Avropa Konvensiyasına qoşulduğunu xatırladan millət vəkili bildirib ki, bu müddət ərzində bu sahədə əhəmiyyətli islahatlar da həyata keçirilib: "Konkret olaraq Cinayət Məcəlləsinə "Kibercinayətlər" adlı fəsil əlavə olunub. Bu gün kompüter cinayətlərinin, kibercinayətlərin aşkarlanması problemdir və bunun üçün mütəxəssislərə ehtiyac var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB