Əfqanıstan Azərbaycanın təcrübəsini böyük inkişaf modeli kimi görür

Əfqanıstan Azərbaycanın təcrübəsini böyük inkişaf modeli kimi görür

Azərbaycanın e-idarəçilik sahəsindəki nailiyyəti bir çox ölkələr və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Bu Azərbaycanın inkişaf naminə e-idarəçilik sahəsindəki potensialın istifadəsində və BMTİP ilə birgə həyata keçirilən digər layihələrdəki uğurlu təcrübəsi ilə bilavasitə bağlıdır. Belə ki, bir çox inkişaf etməkdə olan və keçid dövrünü yaşayan ölkələr Azərbaycanın uğurlu inkişaf modelini nəzərdən keçirir və onun təcrübəsindən yararlanmağı qarşılarına əsas məqsəd kimi qoyurlar. Hər zaman beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan Əfqanıstan İslam Respublikası da onlardan biridir.

Əfqanıstanın inkişafına Azərbaycanın dəstəyi ən çox e-idarəçilik sahəsində özünü büruzə verir. Əfqanıstana dəstək olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilən bəyanatlardan sonra, Azərbaycan Əfqanıstan hökumətinin müvafiq qurumları ilə əməkdaşlığını daha da genişləndirib. 2012-ci ildə Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) vasitəsilə Əfqanıstanın inkişafı üçün 150,000 ABŞ dolları məbləğində maliyyə yardımı ayırıb. Bununla yanaşı, Azərbaycanın dövlət qurumları tərəfindən Əfqan həmkarları üçün bir sıra təlimlər və təlim turları təşkil edilib və qarşılıqlı səfərlər təşkil edilərək Əfqanıstana dəstək məqsədilə bir sıra layihələr həyata keçirilib. Qeyd edək ki, bu əməkdaşlıq artıq bir çox beynəlxalq tərəfdaşlarla yanaşı BMT-nin Baş Katibinin Əfqanıstan üzrə Xüsusi Nümayəndəsi Jan Kubis tərəfindən də yüksək qiymətləndirilib və o Azərbaycanın regional tərəfdaşlığa bu cür töhfəsini xüsusilə qeyd edib.

Əfqanıstan hökuməti, informasiya və kommunikasiya texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlığa böyük maraq göstərdiyini dəfələrlə qeyd edib və Azərbaycanın e-idarəçilik sahəsində nailiyyətlərini nəzərə alaraq, BMTİP-nin Azərbaycanda və Əfqanıstanda Ölkə üzrə Nümayəndəlikləri e-idarəçilik sahəsində Azərbaycanın Əfqanıstana yardımına göstərməsinə dəstək olmağa dair razılığa gəliblər. BMTİP tərəfindən təşkil edilmiş Əfqanıstanın dövlət rəsmilərindən ibarət yüksək səviyyəli nümayəndə heyətinin səfəri bu istiqamətdə atılan mühüm addımlardan biridir.

Əfqanıstan İslam Respublikası hökumətinin kommunikasiya və informasiya texnologiyaları naziri cənab Əmirzai Sanginin başçılıq etdiyi və əksəriyyəti nazir müavini səviyyəsində olan 26 dövlət rəsmisindən ibarət nümayəndə heyətinin 09 – 15 iyun tarixlərində Bakıda Azərbaycanın dövlət qurumlarında, o cümlədən Xarici İşlər Nazirliyində, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində, Ədliyyə Nazirliyində, Dövlət Sosial Müdafiə Fondunda, Dövlət Gömrük Komitəsində, Dövlət Qulluğu üzrə Komissiyaya və İctimai Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində bir sıra görüşlər keçirəcəyi nəzərdə tutulur. Baş tutacaq bu səfərin məqsədi inkişaf naminə e-idarəçilik potensialından istifadə olunmasında Azərbaycanın təcrübəsini öyrənmək və onların Əfqanıstanda tətbiqi perspektivlərini müzakirə etməkdir. Bu tədbir BMTİP-nin Azərbaycanda və Əfqanıstanda Ölkə Nümayəndəlikləri, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi / AİDA, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Əfqanıstan İslam Respublikasının Kommunikasiya və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təşkil olunur. Ümid olunur ki, e-idarəçilikdən səmərəli istifadəyə dair təfsilatlı müzakirələr və real nəticələrin nümayiş etdirilməsi Əfqanıstanda bir sıra oxşar, o cümlədən Əfqan və Azərbaycanlı mütəxəssislərin birgə işləyə biləcəyi layihələr üçün yol açacaq.

Bu layihə, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına iki-illik üzvlüyü dövrünə təsadüf edir və Azərbaycanın regional və qlobal problemlərin həllində aktiv iştirakçıya çevrilməsini vurğulayır və onun son 20 ildəki sürətli inkişafından digər ölkələrin də bəhrələnərək istifadə etməsinə yardım edir. Bu əməkdaşlıq Azərbaycanın Əfqanıstanda stabiliyin və iqtisadi inkişafın təşviqində əhəmiyyətli rol oynamasına kömək edir. Qarşıdakı səfərlər onu göstərir ki, Azərbaycan sadəcə öz təcrübəsini bölüşmür, eyni zamanda Əfqanıstanda sülh və stabilliyə yönələn səylərə dəstək göstərmək üçün donor ölkələr birliyinə qoşulur.

Bütün xəbərlər Facebook səhifəmizdə