Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə Ağcabədi rayonunda seminar-müşavirə keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, heyvandarlıqda damazlıq-seleksiya işlərinə dair respublika seminar-müşavirəsinə respublikanın 52 şəhər və rayonundan mütəxəssislər qatılıblar. Seminar iştirakçıları ilk olaraq rayonun Ağabəyli kəndində heyvandarlıq təsərrüfatına baş çəkiblər. Qonaqlar təsərrüfatın tövlələrində yer alan texnologiyalar və heyvanların saxlanma şəraiti ilə tanış olublar. Burada çalışan mütəxəssislər seminar iştirakçılarına buzovların bəslənilməsi, inəklərin yemlənməsi, heyvanların buynuzlarının yandırılması, süni mayalanmanın aparılması, süd sexində qrup halında inəklərin sağılması ilə bağlı məlumatlar veriblər.
Seminar-müşavirədə iştirak edən kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov bildirib ki, heyvandarlığın inkişafı dövlətin xüsusi diqqət və qayğısı hesabına aparılır. Sonra seminar-müşavirə Ağcabədi rayon mədəniyyət evində davam etdirilib. Müşavirəni kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov açıb. O, bildirilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq, ölkədə ət istehsalının kəsilmiş şəkildə 340 min tona, süd istehsalının isə 2,4 milyon tona çatdırılması əsas vəzifə kimi qarşıya qoyulub.
Tədbirdə bildirilib ki, heyvandarlığın intensiv inkişaf etdirilməsi üçün ilk növbədə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması vacibdir. Bunun üçün isə əsasən süni mayalanmanın geniş tətbiqi təşkil edilməlidir. Bu istiqamətdə dövlət tərəfindən kifayət qədər işlər aparılıb. Belə ki, 2012-ci ildə ölkə üzrə 88 min 415 baş heyvan süni yolla mayandırılıb və 59 min 449 baş bala alınıb. 2013-cü ildə isə bu rəqəm 140 min baş olub. Görülən işlər çərçivəsində bu göstəricinin 2014-cü ildə 200 min, 2015-ci ildə 300 min başa çatdırılması nəzərdə tutulub.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB