Xəbər verdiyimiz kimi, redaksiyamıza daxil olan şikayət əsasında məlum olmuşdu ki, Quba rayonunun Xınalıq kəndinə giriş pulludur. Şikayətçilər bildirirdilər ki, Xınalığa giriş pulludur. Kəndin girəcəyində şlaqbaum qoyulub, kəndə kim girir, ondan pul alırlar.
Bölgəyə ezam olunan əməkdaşımızın dediyinə görə, kəndə az qalmış şlaqbaum qoyulub. Kəndə daxil olmaq istəyənin arzusu yalnız 2 manat rüsum ödəyəndən sonra çin ola bilər. Bunun səbəbini soruşduqda şlaqbaumun o tərəfində olanlar bildiriblər ki, Xınalıq kəndi qoruq elan edildiyindən Mədəniyyət və Turizm Nazirliyi kəndə girişin pullu olduğu barədə qərar çıxarıb və həmin gündən hər kəs iki manat verib buradan keçir.
Hadisə istirahət günündə baş verdiyinə görə, aidiyyatı qurumdan cavab ala bilməmişdik. Bu gün iş günü olduğuna görə, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq şöbəsi ilə əlaqə saxladıq. Məsələ ilə bağlı suallarımızı cavablandıran Nazirliyin Mədəni İrs şöbəsi Mədəni sərvətlər (qoruqlar) sektorunun müdiri Könül Cəfərova SİA-ya açıqlamasında bildirib ki, adıçəkilən qoruq Prezident İlham Əliyevin "Quba rayonunun Xınalıq kəndinin tarixi ərazisinin "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu elan edilməsi haqqında" 2007-ci il Sərəncamına əsasən yaradılıb: "Sərəncamın icrası ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi işin icrası ilə bağlı 2009-cu ildən qoruqda pullu xidmət tətbiq edib. 3 ildən çoxdur ki, Xınalıqda mövcud olan evlər yenidən bərpa olunaraq qorunub saxlanılır. Vəsait ayrılıb və arxeoloji qazıntılar aparılıb".
Onun sözlərinə görə, Azərbaycan bu məsələdə digər ölkələrlə müqayisədə daha yaxşı vəziyyətdədir: "Digər ölkələrdə yüksək məbləğdə ödəniş tətbiq olunur. Lakin bizdə simvolik rəqəm, yəni 2 AZN təyin olunub. Bir faktı da qeyd edim ki, həmin gün orada heç bir toy mərasimi olmayıb. Bununla bağlı, İcra Hakimiyyətindən arayış daxil olub və həmin vaxt ərazidə heç bir toy olmayıb. İstisna hal kimi, qoruğun ərazisində toy və ya yas mərasimi olduqda icazə alınaraq, həmin gün açıq qapı günü elan edilir. Bu zaman bütün insanlar həmin əraziyə pulsuz olaraq daxil olunur. Lakin adi günlərdə turist məqsədi ilə gələnlər təyin olunan məbləği ödəyirlər. Bakıdan həmin əraziyə xınalıqlı biri gedirsə, onlardan pul alınmır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB