Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq Akkreditasiya Gününə həsr olunmuş seminar keçirilib. Komitədən SİA-ya verilən məlumata görə, tədbirdə çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi Ramin Babayev daxili bazarın təhlükəli məhsullardan qorunmasında, ticarətdə texniki maneələrin aradan qaldırılmasında və sahibkarlığın inkişaf etdirilməsində akkreditasiyanın rolunun mühüm olduğunu qeyd edib. Xidmət rəisinin sözlərinə görə, bu sahənin dünya iqtisadiyyatında keyfiyyətin idarəolunması istiqamətindəki rolunu mühüm hesab edən beynəlxalq təşkilatlar 2008-ci ildən etibarən hər ilin 9 iyun tarixini Beynəlxalq Akkreditasiya Günü kimi qeyd olunması qərarına gəliblər.
Ramin Babayev ölkəmizdə keyfiyyət infrastrukturunun inkişafı və akkreditasiya sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində ölkə başçısı cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin davamı olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin strukturunun təkmilləşdirildiyini, cənab Prezidentin 4 aprel 2012-ci il tarixli Fərmanı ilə Komitə yanında Dövlət Akkreditasiya Xidmətinin yaradıldığını xüsusi vurğulayıb: "Bir il ərzində Xidmət tərəfindən beynəlxalq standartların tələbləri əsasında 13 məhsul və xidmətlərin, 10 idarəetmə sistemlərinin, 3 personalın sertifikatlaşdırılmasını həyata keçirən orqan, 10 inspeksiya orqanı, o cümlədən 163 sınaq və 18 kalibrləmə laboratoriyaları akkreditasiya olunub. Qısa müddət ərzində akkreditasiya sahəsində əldə etdiyimiz uğurlardan biri də 2012-ci ilə Komitə yanında Dövlət Akkreditasiya Xidmətinin Laboratoriyaların Beynəlxalq Akkreditasiyası üzrə Əməkdaşlıq Təşkilatına (İLAC) müşahidəçi qismində üzv qəbul olunmasıdır".
Sonra Komitə sədri cənab Ramiz Həsənovun əmri ilə akkreditasiya sahəsində səmərəli fəaliyyətinə görə təltif edilmiş Dövlət Akkreditasiya Xidmətinin bir qrup əməkdaşına Fəxri Fərman təqdim edilib.
Tədbirdə iştirak edən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadə, millət vəkili Zahid Oruc, millət vəkili Sabir Rüstəmxanlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin son illər ölkəmizdə keyfiyyət infrastrukturunun inkişafı istiqamətindəki rolu haqqında danışıblar. Onlar Beynəlxalq Akkreditasiya Günü münasibətilə Komitə əməkdaşlarına təbriklərini çatdırıblar.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin beynəlxalq əlaqələr üzrə məsul işçisi Rəhimə Quliyeva isə Komitənin akkreditasiya sahəsi üzrə beynəlxalq əməkdaşlıq əlaqələri haqqında məlumat verib. Onun sözlərinə görə, Komitə akkreditasiya sahəsində əməkdaşlıq üzrə İordaniya, Türkiyə, Türkmənistan, Tacikistan və s. ölkələrlə ikitərəfli Sazişlər imzalayıb və bu istiqamətdə işlər davam etdirilməkdədir. Beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində aparılmış işlərin nəticəsi olaraq ötən il Dövlət Akkreditasiya Xidməti Beynəlxalq Laboratoriya Akkreditasiyası Əməkdaşlığı Təşkilatına (İLAC) müşahidəçi üzv qismində qəbul olunub. Hazırda Avropa məkanında milli akkreditasiya orqanlarının regional akkreditasiya qurumu olan Avropa Akkreditasiya Təşkilatına (EA) assosiativ üzv olmaq məqsədilə işlər aparılmaqdadır.
Sonra çıxış edən natiqlər ölkəmizdə akkreditasiya sahəsində aparılan islahatlar, xarici uyğunluğun qiymətləndirilməsi orqanlarının Azərbaycandakı fəaliyyəti, Azərbaycanda keyfiyyətin idarə olunması və akkreditasiya mövzularında məruzələrlə çıxışlar ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB