Bu gün Bakıda Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbi tələbələrinin iştirakı ilə "Azərbaycana baxış" mövzusunda beynəlxalq forum öz işinə başlayıb. SİA-nın verdiyi məlumata görə, forumun məqsədi Azərbaycanın iqtisadi inkişafını, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaranan problemləri və digər məsələləri müzakirə etməkdir.
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" mövzusunda panel iclasda çıxış edən xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 20 faiz torpaqlarımız işğal olunub, bir milyondan çox vətəndaşımız öz doğma yurdlarından didərgin düşüb. Münaqişə nəticəsində mədəni-tarixi abidələr dağıdılıb. İşğal olunmuş torpaqların azad edilməsi və məcburi köçkünlərin öz evlərinə qaytarılmasını təmin etmək bizim əsas məqsədimizdir.
Araz Əzimov qeyd edib ki, münaqişənin həll olunmaması bütünlükdə regionun inkişafı üçün ciddi maneələr yaradır, bu bölgədə təhlükəsizliyin təmin olunmasına əngəl törədir. Bildirilib ki, məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi və nüfuzlu beynəlxalq təşkilatların münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini dəstəkləyən sənədlər mövcuddur. Lakin, təəssüf ki, Ermənistan hələ də bu sənədlərə məhəl qoymur və qeyri-konstruktiv mövqe nümayiş etdirir.
Xarici işlər nazirinin müavini diqqətə çatdırıb ki, münaqişənin davam etməsi Ermənistanın iqtisadiyyatına mənfi təsir göstərməkdədir. Bu gün Ermənistan əhalisinin böyük bir hissəsi, əsasən də gənclər ölkəni tərk edib. Münaqişədən əvvəl Ermənistan əhalisinin sayı təxminən üç milyon nəfər idisə, hazırda bu rəqəm 1,2 milyona düşüb. Azərbaycanda isə iqtisadi inkişaf tempi xeyli yüksəlmiş, bütün sahələrdə, o cümlədən qeyri-neft sektorunda ciddi irəliləyişlərə nail olunub. Azərbaycan Ordusunun sürətlə inkişaf etdiyini və müdafiə imkanlarını artırdığını qeyd edən Araz Əzimov vurğulayıb ki, bütün bunlar Azərbaycanın regionda lider və beynəlxalq arenada söz sahibi olduğunun bariz sübutudur.
Araz Əzimov Azərbaycanın tolerant ölkə olduğunu və müxtəlif dinlərə məxsus icmaların fəaliyyəti üçün ölkəmizdə hər cür şəraitin yaradıldığını deyib. Bu faktlar Azərbaycanın sülhsevər və sabit ölkə olduğunu bir daha təsdiq edir.
Xarici işlər nazirinin müavini Forum iştirakçılarına Azərbaycanın əldə etdiyi uğurlar, iqtisadi inkişaf göstəriciləri haqqında ətraflı məlumat verib. Vurğulanıb ki, bu gün ölkəmizdə irimiqyaslı layihələr həyata keçirilir. Azərbaycan bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Eyni zamanda, Azərbaycan enerji təhlükəsizliyi və terrorçuluğa qarşı mübarizə sahələrində bir çox ölkələrlə, o cümlədən ABŞ-la əməkdaşlıq edir. Ölkələrimizin beynəlxalq müstəvidə eyni mövqedən çıxış etməsi ikitərəfli münasibətlərin sürətli inkişafından xəbər verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB