"Bu il əhalinin su təchizatı keçən ildəkindən də yaxşı olacaq" AÇIQLAMA

"Bu il əhalinin su təchizatı keçən ildəkindən də yaxşı olacaq" AÇIQLAMA

""Azərsu" Açıq Səhmdar Cəmiyyəti ötən ildən başlayaraq həm əhali, həm də qeyri-əhali qrup abunəçiləri üçün "smart- kart" tipli sayğacların quraşdırılmasına başlayıb. Artıq 50 mindən çox belə sayğac quraşdırılıb. Sayğacların əksəriyyəti Bakı şəhəri və Abşeron yarımadasında olub. Lakin bununla kifayətlənməyib regionlarda da işləri davam etdiririk". Bunu SİA-ya açıqlamasında "Azərsu" ASC-nin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, hazırda Zərdab, Quba və digər ərazilərdə "smart- kart" tipli sayğacların quraşdırılması işləri həyata keçirilir: "Bakı şəhərində isə qurumumuzun yeni layihələri var. Hazırda 450-dən artıq çoxmərtəbəli və çoxmənzilli yaşayış binalarında yeni layihələr icra edirik. Həmin binaların zirzəmisindəki su xətləri binaların qarşısına çıxarılır və yeni xətlərlə əvəz edilir. Çünki binaların bir çoxunun zirzəmisindəki xətlərin istismar müddəti artıq başa çatıb, bir çoxunda isə sızıntılar var".

Şöbə rəhbəri onu da qeyd edib ki, bir ay əvvəl Binəqədi rayonunun 7-8-ci mikrorayonlarında fasiləsiz su təchizatı sisteminə keçilib: "Səhər və axşam olmaqla gündə iki dəfə su alan hündürmərtəbəli binaların abonentləri 24 saat su ilə təchiz olunur. 38 qəsəbədə su və kanalizasiya layihələrimiz icra olunur. Planda var ki, bu ilin yay aylarında təxminən 10-a yaxın qəsəbəyə suyun verilməsi təmin edilsin".

"Mövcud sayğaclar kartla olduğuna görə, ödənişi 100 faiz təmin edirik. İstifadə olunan su və kanalizasiya xətlərinin haqqı tam ödənilir. "Azərsu" ASC hər il yaya hazırlıqla bağlı layihələr həyata keçirir. Hazırlıq işləri çərçivəsində xeyli işlər görülüb. Əminliklə deyə bilərik ki, 2013-cü ilin yay mövsümündə əhalinin su təchizatı 2012-ci ildəkindən də yaxşı olacaq",- deyə A. Cəbrayıllı fikirlərinə əlavə edib.

Qış aylarında ətraf ərazilərdə su ilə bağlı problemin olmadığını deyən qurum rəsmisi vurğulayıb ki, yayda bağ mövsümü başladığından, su qıtlığı yaranır: "Elə sahələr var ki, orada evlər uçota düşməyib. Məqsədimiz isə uçotu düzgün aparmaq və hər bir kəsin evində sayğacların olmasını təşkil etməkdir. Hələ ki, alternativ suvarma xətlərinin çəkilməsi məsələsi ilə bağlı plan yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə