Puşkinin anadan olmasının 214-cü ildönümü qeyd edildi

Puşkinin anadan olmasının 214-cü ildönümü qeyd edildi

Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 214-cü ildönümü qeyd edilib. SİA-nın verdiyi məlumata görə, dahi rus şairinin doğum günü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi və "Sodrucestvo" Cəmiyyətinin birgə təşkilatçılığı ilə böyük rus şairinin abidəsi önündə mərasim keçirilib. Tədbirdə şairin həyat və yaradıcılığından, öz əsərləri ilə dünya ədəbiyyatında əbədi iz qoymasından söhbət açılıb.

İlk öncə şəhərimizin mərkəzində Aleksandr Sergeyeviç Puşkinin Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin iştirakı ilə açılmış heykəli önunə tədbir iştirakçıları adından gül dəstələri və tər çiçəklər qoyulub.

Səbail rayon İctimaiyyətinin, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin, "Sodrucestvo" cəmiyyətinin, Rusiya Mədəniyyət Mərkəzinin, Azərbaycanda fəaliyyət göstərən müxtəlif xalqların mədəni mərkəzlərinin, ali və orta məktəblərin nümayəndələrinin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə keçirilən ənənəvi tədbiri giriş sözü ilə Respublika "Sodrucestvo" cəmiyyətinin sədri Tatyana Kərimova açıb, belə bir tədbirin keçirilməsinin Azərbaycan və Rusiya xalqları arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsində böyük rolu olduğunu vurğulayıb.

Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək bildirib ki, Səbail rayonunda, şairin adını daşıyan və Ulu öndər Heydər Əliyevin iştirakı ilə abidəsi uzaldılmış bu parkda Aleksandr Sergeyeviç Puşkinin doğum gününün keçirilməsi artıq ənənəyə çevrilib. Ədibin rus dili, ədəbiyyatı və mədəniyyətinin formalaşması və inkişafındakı rolu, onun dünya ədəbiyyatına etdiyi töhfələr xüsusi vurğulanıb. Bildirilib ki, rus ədəbiyyatına zəngin töhfələr vermiş A.S.Puşkinin təkcə rus xalqı tərəfindən deyil, dünyanın bütün xalqları tərəfindən sevilir. Onun çoxsaylı poemaları, şerləri, nağılları bir çox xalqların dillərinə tərcümə olunub, yaradıcılığında rus xalqının arzuları, zəkası və yaradıcılıq qüdrəti öz parlaq ifadəsini tapıb. Puşkinin əsərləri görkəmli Azərbaycan şair və yazıçılarından Məmməd Səid Ordubadi, Məmməd Rahim, Mikayıl Müşviq, Nigar Rəfibəyli, Süleyman Rustəm, Səməd Vurğun və başqaları tərəfindən tərcümə olunmuş Puşkinin Azərbaycanda sevilməsində bu tərcümələrin böyük rolu olub.

Tədbirdə çıxış edən Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsində Aleksandr Sergeyeviç Puşkinin doğum günü və digər tədbirlərin rolunun əvəzsiz olduğunu bildirib.

Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Azərbaycanda A.S.Puşkinə, onun ədəbi irsinə olan münasibətdən danışdı, şairin şerlərindən bir parça ifa edib.

Tədbirdə Səbail rayon orta məktəblərinin şagirdləri, tanınmış mədəniyyət xadimləri və şairlər, Azərbaycandakı Rus icmasının nümayəndələri çıxış edib, ölməz şairin şerləri Azərbaycan və rus dillərində səsləndirilib, şagirdlər A.S.Puşkinin nağıllarından səhnəciklər göstəriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə