Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial xidmət sahələri üzrə dövlət sifarişlərinin yerinə yetirilməsi üçün elan edilmiş müsabiqənin ilkin yekunlarına dair təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, beynəlxalq təşkilatların, aidiyyəti dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə məqsəd müsabiqənin nəticələrinin elan edilməsi və icra ediləcək layihələr haqqında məlumatların ictimaiyyətə çatdırılması olub.
Tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov ölkə başçısının "Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında" imzaladığı sərəncamın uşaqların müdafiəsinə, onların sağlamlığının və firavan gələcəyinin təminatına ölkə rəhbəri tərəfindən göstərilən qayğının təcəssümü olduğunu deyib. Nazirin sözlərinə görə, hazırda Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqlara, eləcə də sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara münasibətdə yeni meyllər meydana çıxır: "Bu kimi tədbirlər həmin uşaqların cəmiyyətin bərabər hüquqlu üzvləri kimi hüquqlarının tam reallaşmasına, onların tədricən cəmiyyətin digər üzvləri sırasına keçərək, ictimai həyatın fəal və müstəqil subyektinə çevirilərək özlərini təsdiqləməsinə yol açır".
Tədbirdə müsabiqənin nəticələri elan edilib və icra ediləcək layihələr barədə məlumat ictimaiyyətə çatdırılıb. Belə ki, müsabiqəyə təqdim olunan 70 layihədən 35-i seçilib ki, onun da 20-sinin icrası planlaşdırılıb. İcra olunacaq layihələrdən ikisi sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası üçün nəzərdə tutulub. Bu layihələr 9 səyyar dəstənin təşkilatçılığı ilə ölkənin 10 rayonunda təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB