Daha doğrusu, parlament, prezident seçkiləri və Yerevanın Ağsaqqallar Şurasına səsvermədən sonra onlar siyasi mövsümü faktiki olaraq qapadıblar.
Müxalifətçilər istirahətə çıxıblar və payızda yenidən fəallaşacaqlarını deyirlər. Ölkənin müxalifət düşərgəsinin aparıcı qüvvələri olduqlarını iddia edən partiya və hərəkatların liderlərinin dediklərinə görə, onlar yaşanan situasiyanı sakit şəraitdə təhlil etmək, nəticələri nəzərdən keçirmək və bundan sonrakı fəaliyyət istiqamətlərini müəyyənləşdirmək niyyətindədirlər.
Əslində fasilə və sakitlik nisbi olduğu vurğulanır. Deyilir ki, söhbət, sadəcə, küçə aksiyaları və mitinqlərlə bağlı pauzadan gedir - müxalifət partiyalarının apardıqları siyasi prosesi isə davam edir.
"Çiçəklənən Ermənistan" Partiyasının ideoloqu kimi kütləyə təqdim olunan sabiq XİN başçısı Vardan Oskanyan bəyan edib ki, onun partiyası payızdan etibarən parlamentdə sırf müxalifət qüvvəsi kimi çıxış edəcək.
Cücələri adətən payızda sayırlar və bu səbəbdən də sentyabrda müxalifət qüvvələrinin yenidən hesablandığı, yaxud da hesablanmağa, ümumiyyətlə, ehtiyac duyulmadığı bəlli olacaq.
Ən yaxşı ehtimal payızda hesablamaların aparılmasıdır, çünki Ermənistanın siyasi gerçəkliyi müxalifətçilərin çox zəif, passiv olduqlarını göstərir. Onların real, ədalətli, vicdanlı və aktiv mübarizəyə gücləri qalmayıb.
Aydın olan budur ki, prezident Serj Sarqsyanın iqtidarına qarşı mübarizə aparmaq istəyən müxalifətçilər ambisiya və qulluq etdikləri ağaların tapşırıqlarını səylərini birləşdirməlidir. Belə birləşmə, əməkdaşlıq bütün müxalifət siyasətçilərə, ideoloji yöndən asılı olmayaraq ölkədəki siyasi prosesə gərəkdir.
Birləşmə platforması Ermənistanda müxalifətin xilasının son şanslarından biridir. Siyasi qüvvələr birləşməsələr belə, heç olmasa, birlik və ya ittifaqa can atdıqlarını göstərməlidirlər.
O da aydındır ki, arenada qalmış siyasi qüvvələr konstitusion mübarizə metodlarına və ermənilərin gerçək maraqlarına sadiq olmalıdır. Bu yol erməni müxalifətçiləri üçün alternativsizdir. Yalnız bu yol ilə irəliləyərək müxalifət mövcud antikonstitusion hakimiyyət sisteminə alternativ ola bilər.
Bu, Ermənistan siyasətinin indisidir və əslində, o siyasətin məhvərini - müxalifətçi ermənilər dansalar da - Dağlıq Qarabağ problemi təşkil edir.
Dağlıq Qarabağ "ermənilərindir" deməyən və bunu dəfələrlə təsdiqləməyən siyasətçi Ermənistanda əvvəlcə siyasi, sonra da fiziki ölümə məhkum olur.
Bunu anlayan erməni müxalifətçilər durumdan çıxış yolu arayırlar.
İrs Partiyasının sədri, prezidentliyə sabiq namizəd Raffi Hovannisyan təki. O, bütün müxalifət liderlərini, yəni "Levon, Qagik və Qrantı" ikinci vətəndaş forumu keçirməyə çağırıb.
Xatırladaq ki, ilk vətəndaş forumunda R.Hovannisyan "Yeni Ermənistan" hərəkatının yaradıldığını bəyan etmişdi. Bu səbəbdən də o, ikinci forumu "Yeni Ermənistan"ın təşəbbüsü kimi qələmə verməyə çalışır və müxalifətin bütün düşərgələrində, istiqamətlərində və yönlərində yer almış adamları bir arada görmək istədiyini deyir.
Di gəl ki, həmişə olduğu kimi, birləşmədən, vəhdətdən, birlik və ittifaqdan danışanlar nə edəcəklərini bilmirlər. "Yeni Ermənistan" ideyasının özü də dağınıqdır, konkret deyil və İrs Partiyasının sədri də yaratdığını bəyan etdiyi, hələlik yalnız kağız üzərində olan hərəkata səlis konstruksiya verməyib. Birlik ideyası ilğım formatında olduğundan erməni müxalifətçilərlə yanaşı, iqtidardakı Sarqsyan komandasının hakimiyyətdən bilmərrə kənarlaşdırılmasını istəyən adamlar həmin o yeni Ermənistanın nə olduğunu anlamırlar.
Birləşmə məsələsi həmişəki kimi, yalnız sözlər, bəlağətli çıxışlar, çağırışlar və şüarlardan ibarət olduğundan müxalifətin bir araya gəlməsi, müvəqqəti olsa da, təmərküzləşərək iqtidara qarşı real mübarizə aparacaq struktura çevrilməsi ideyası virtual olaraq qalır. Ən azı ona görə ki, Raffi Hovannisyan hərəkatı birlikdə formalaşdırmaqla bağlı çağırışlar edirsə, ilk mərhələdə niyyəti ilə yanaşı, görüləsi işlərin ardıcıllığından da bəhs etməlidir. İş ondadır ki, erməni siyasətinin iki müstəvisi var. Müstəvilərdən biri psixolojidir ki, burada patetik sözlər, ibarəli ifadələr və yeni Ermənistanın yaradılması, bünövrəsinin qoyulması ilə bağlı şüarlar səslənir.
Əsas məqam isə sosial-siyasi müstəvidir: burada konkret formatlarda konkret münasibətlər formalaşmalı, müxalifətin birlik ideyasının çərçivələri və dayaqları müəyyənləşdirilməlidir. Hələlik geniş ictimai anlamda bu münasibətlərin konsepsiyası anlaşılmaz qalır.
Söz yox, erməni müxalifətçilərinin bəyan etdikləri dəyərləri az-çox anlamaq olar. Patetika da köhnədir, nimdaşdır və illərdən bəri deyilən sözlərdən ibarətdir.
Ermənilərin bu gurultulu sözləri qəbul edib-etməyəcəyindən asılı olmayaraq, Yerevandakı müxalifətin potensialı şüarçılıqdan ibarət olduğundan vətəndaşlar var olanla kifayətlənmək məcburiyyətindədir.
Rasional münasibətlərin real səthi isə hələ də səhra vəziyyətindədir və belə ciddi problemin həllini prezident Serj Sarqsyanın marionetkası Raffi Hovannisyan bir yana - ermənilərin "Qoca tülkü" adlandırdıqları təcrübəli siyasətçi, sabiq prezident və Erməni Milli Konqresinin sədri Levon Ter-Petrosyan belə, bilmir.
Sabiq prezident 2008-ci il seçkilərindən sonra bütün üstünlüklərini və mövqelərini itirməyə başladığı kimi, çağdaş erməni müxalifətinin "yeni" liderləri də emosional çıxışlar, pis idarə olunan küçə aksiyaları, mənasız yürüşlər və perspektivsiz etiraz piketləri ilə mümkün mübarizə potensialını bilmərrə itirdilər.
Erməni müxalifətinin birləşməsi isə bütün pafoslu bəyanatlara rəğmən, mümkün deyil. Serj Sarqsyana qarşı mübarizə apardıqlarını bəyan edənlərin hər birinin öz hərəkət istiqaməti, fəaliyyət trayektoriyası var və onlar illər əvvəl müəyyənləşdirdikləri xətdən yayınmaq niyyətində deyillər.
Birləşmə və vəhdət məsələləri bu trayektoriyaların arasında yoxdur. Paralel xətlər kəsişmədiyi kimi, Yerevandakı müxalifət qüvvələrini də bir araya gətirəcək ortaq maraq və ya birgə mənafe yoxdur.
Bundan başqa, indiki şəraitdə, daha doğrusu, müxalifətin xaotik və sürəkli olaraq hakimiyyətlə sövdələşən qüvvələrdən ibarət olduğu məqamda birləşmənin özü hakimiyyətə real alternativin yaranması prosesinə zərbə vura bilər.
Siyasi müstəvidə "Birləşək!" tipli stereotip sindromun sonu çatır. Erməni müxalifətçilər özlərini və hamını birləşməyə, əməkdaşlığa çağırır, amma elə özləri belə çağırışları indiyədək yüz dəfələrlə rədd ediblər.
Halbuki müxalifətçilər öz aralarında yox, xalqla, cəmiyyətlə əməkdaşlığa başlamalı, adi və orta statistik erməni vətəndaşı öz tərəfdaşına döndərməlidir.
Belədə "Çiçəklənən Ermənistan" Partiyasının sədri Qagik Sarukyan və ya Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyanla müqayisədə, bənna Levon və ya sürücü Qagikin hakimiyyətlə mübarizədə, ölkədə demokratik dəyərlərin bərqərar olunmasında, quldur dəstənin iqtidardan kənarlaşdırılaraq onun yerinə vətəndaşların mənafelərini düşünən insanlardan ibarət hakimiyyətin gətirilməsində daha çox əməyi, səyləri ola bilər. Erməni müxalifətçiləri süst adlandırdıqları, əslində isə sürətli olan siyasi prosesdən kənarlaşdırılaraq real oyunların irreal oyunçularına çevrilmək istəmirlərsə, birləşmə konseptini gerçək biriyə döndərməlidir.
Ermənistanın da əsl problemi budur, çünki qonşu ölkədə kriminal oliqarxiyadan ibarət hakimiyyətlə yanaşı, zəif və merkantil liderlərə malik müxalifət də vətəndaşları düşünmür.
İqtidar mənsubları təki, müxalifət liderlərinin də öz maraqları var.
O maraqlar əksər hallarda iyrənc və çirkin məqsədlər təsiri bağışlayır.
Adi ermənilər bunu görür, anlayır və müxalifətə inanmırlar.
Müxalifət fasiləsiz olaraq həmin vətəndaşı düşündüyünü, üstəlik də birləşmək istədiyini desə də…
Novruz Sultanov
Milli.Az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB