İnternetdə təhqir edənlər, ehtiyatlı olun!

İnternetdə təhqir edənlər, ehtiyatlı olun!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. SİA-nın məlumatına görə, bununla da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin "Böhtan" (147-ci maddə) və "Təhqir" (148-ci maddə) maddələrinə Milli Məclis tətəfindən edilən dəyişiklik qüvvəyə minib.

Qeyd edək ki, dəyişiklik layihəsi Milli Məclisə ölkənin baş prokuroru Zakir Qaralovun imzası ilə daxil olub.

Dəyişikliklə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma 100 manatdan 500 manatadək miqdarda cərimə ilə və ya 240 saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmçinin, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə 300 manatdan 1000 manatadək miqdarda cərimə və ya 240 saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə