5-9 iyun 2013-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Milli Elmlər Akademiyasının Tarix İnstitutunun (AMEA) ekspertlərindən ibarət nümayəndə heyəti Tiflis (Gürcüstan) şəhərində keçiriləcək "Qafqaz imperiya alatoranlığında: millətçilik, etnoslar və milli quruculuq" mövzusunda beynəlxalq konfransda iştirak edəcək.
SİA-ya verilən məlumata görə, SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Heydər Mirzə "Azərbaycanda sələfi təhlükəsi: həqiqət yoxsa mif?" mövzusunda çıxış etmək üçün Tiflisə səfər edəcək.
Tədbirdə həmçinin İradə Bağırovanın (AMEA) "Sosial dəyişikliklər və XX əsrin əvvəllərində azərbaycanlıların milli identikliyinin formalaşmasında siyasi təşkilatların rolu" mövzusunda, Nigar Maksvelin (AMEA) "1918-1920-ci illərdə Azərbaycan müstəqilliyinə Türkiyənin təsiri" mövzusunda, Nigar Gözəlovanın (AMEA) "XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan maarifçilərinin fəaliyyəti və onların qadınların təhsil və maariflənməsinə baxışları" mövzusunda, Sevinc Əliyevanın (AMEA): "Dağlı Respublikası və Azərbaycan Demokratik Respublikası: vahid dövlət yaratmaq layihələri" mövzusunda, Şamil Rəhmanzadə (AMEA) "1918-ci ildə Zaqatala dairə şurasının etno-siyasi identikliyin axtarılması ilə bağlı qərarı" mövzusunda, İlqar Niftəliyev (AMEA) "Qarabağ münaqişəsinin mərhələləri: qaynar fazadan soyuq fazaya" mövzusunda çıxışları planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM), "Qarabağ" Fondu (ABŞ) və Yuta (Utah) Universitetinin (ABŞ) birgə səyləri sayəsində təşkil olunacaq konfransda Cənubi Qafqaz, MDB dövlətləri, Amerika, Avropa, Yaxın Şərqdən 70-dən çox alim və ekspertin iştirakı nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB