“Təmiz Şəhər” maarifləndirmə tədbirlərini davam etdirir

“Təmiz Şəhər” maarifləndirmə tədbirlərini davam etdirir

"Təmiz Şəhər" ASC 2013-cü ilin tədbirlər planına əsasən təhsil müəssisələrində ekoloji təlim-tərbiyə işlərinin aparılması və tullantıların idarəolunması sahəsində biliklərin artırılması istiqamətində fəaliyyətini davam etdirir.

"Təmiz Şəhər" ASC-dən SİA-ya verilən məlumata görə, bu məqsədlə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin tələbələri üçün ətraf mühitin mühafizəsi və tullantıların idarəolunması mövzularında seminar keçirilib. Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin Aparatının sektor müdiri Şamil Hüseynov, EkoReal təşkilatının direktoru Telman Zeynalov, Davamlı İnkişaf Araşdırmaları Mərkəzinin direktoru Nəriman Ağayev, Təmiz Şəhər ASC-nin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin müdiri Sabit Zeyniyev mühazirələr oxuyublar.

Seminarda tələbələrə ətraf mühitin mühafizəsi sahəsində Milli Məclis tərəfindən qəbul olunmuş normativ hüquqi aktlar barədə məlumatlar verilib. Davamlı İnkişaf Araşdırmaları Mərkəzinin direktoru məişətdə əmələ gələn təhlükəli tullantıların utilizasiyası barədə məlumatları tələbələrin nəzərinə çatdırıb. "Təmiz Şəhər" ASC-nin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin müdiri Sabit Zeyniyev Cəmiyyətin gördüyü işlərə dair təqdimat keçirib və bu barədə video-çarx nümayiş etdirilib.

Qeyd edək ki, mühazirələr tələbələr arasında böyük marağa səbəb olub və bu cür tədbirlərin gələcəkdə də keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə