Yeniləşən, abadlaşan Lənkəran

Yeniləşən, abadlaşan Lənkəran

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası istiqamətində ölkəmizin hər yerində olduğu kimi, Lənkəran rayonunda da genişmiqyaslı tikinti və quruculuq - abadlıq işləri aparılır. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, rayonda yeni sosial obyektlər istifadəyə verilir, infrastruktur layihələr həyata keçirilir, çoxmərtəbəli yaşayış binaları əsaslı təmir olunur, divarlara xüsusi formalı üzlüklər çəkilir, müasir dizaynda yeni parklar, bağlar salınır. Magistral yollarda və şəhərin prospekt və küçələrində milli arxitektura ənənələrinə uyğun ornamentli divarlar hörülüb, mövcud divar və hasarlar suvaqlanaraq rənglənib, asfaltlanma işləri aparılıb, yaşıllıq zolaqları, təbii mənzərələri əks etdirən yol guşələri yaradılıb, 600-dən çox müasir küçə işıqlandırıcıları quraşdırılıb.

Son zamanlar şəhərdə Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, ötən il 3 məktəb – Hirkan qəsəbəsində 480, Xarxatan kəndində 360, Şilavar kəndində 220 şagird yerlik yeni məktəb binaları tikilib istifadəyə verilib. Hazırda yeni obyektlərin tikintisi davam etdirilir. 640 yerlik Vilvan kənd tam orta məktəbi və şəhər 5 saylı uşaq bağçası üçün yeni, müasir standartlara cavab verən binalar tikilir. Qəzalı vəziyyətdə olan daha 11 məktəbin və 1 uşaq bağçasının inşası, şəhər 2 saylı tam orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirmə işlərinin görülməsi məqsədilə layihə-smeta sənədləri hazırlanıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə uzunluğu 12 km olan, 28000 nəfər əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən Şürük-Vel-Qamışovka avtomobil yolları tamamilə yenidən qurulub. Uzunluğu 40 km olan, 40000 nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Lənkəran-Vilvan-Osakücə-Türkəncil yolunun 16,5 km-lik hissəsi asfaltlanaraq istifadəyə verilib. Hazırda yolun qalan hissəsinin bərpasına və uzunluğu 18 km olan, 47000 nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Vilvan-Zövlə-Boladi-Liman yolunun əsaslı təmirinə başlanıb. Qəzalı vəziyyətə düşmüş evin sakinləri üçün 24 mənzilli yeni yaşayış binası tikilib.

Müasir standartlara cavab verən 3 mərtəbəli Gənclər Mərkəzinin tikintisində son tamamlama işləri aparılır. Mərkəzin ərazisi 1 ha, tikinti sahəsi 1500 kvm-dir. 1-ci mərtəbədə kafe-diskoteka zalı, tir zalı, sinema zalı, inzibati otaq, 2-ci mərtəbədə konfrans zalı, kompyuter zalı, oxu zalı, yaradıcı otaq, 3-cü mərtəbədə Lənkəran nemətlərinin dequstasiyası zalı nəzərdə tutulub.

Akademik Zərifə Əliyeva küçəsində uşaq əyləncə mərkəzinin tikintisi davam etdirilir. 15 çoxmərtəbəli yaşayış binasında bərkitmə-gücləndirmə işlərinə, dövlət vəsaiti hesabına daha 8 çoxmərtəbəli binada dam örtüyünün və fasadın təmirinə, şəhərin mikrorayon ərazisində çoxmərtəbəli binalara gedən yollarda asfaltlaşma işlərinə başlanılıb. Yaxın günlərdə Tarix-diyarşünaslıq muzeyinin əsaslı təmirinə, Olimpiya İdman Kompleksi üçün yeni binanın tikintisinə başlanılacaq.

Hazırda rayonda çox iri tutumlu layihə olan su-kanalizasiya sistemi əsaslı şəkildə yenidən qurulur. Smeta dəyəri 210 milyon manat olan bu layihə şəhərdə əhali artımının 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla 75 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Möhtərəm Prezident İlham Əliyevin Sərəncamı əsasında Mərkəzi Rayon Xəstəxanası əsaslı şəkildə yenidən qurulur. Rayonlararası Narkoloji Xəstəxana üçün yeni binanın tikintisində son tamamlama işləri aparılır.

Heydər Əliyev prospekti tamamilə yeni görkəm alıb. Aparılan yenidənqurma, abadlıq və səliqə-səhman işlərindən sonra prospekt daha da yaraşıqlı görünür. Prospektdə 5 ulduzlu "Qafqaz" otel kompleksinin tikintisi davam etdirilir, yol boyunca müasir elektrik işıqlandırıcıları quraşdırılıb, səkilərə tamet plitələr döşənib, milli arxitektura ənənələrinə uyğun ornamentli divarlar hörülüb və yaşıllıq zolaqları yaradılıb.

Şəhidlər Xiyabanı küçəsi əsaslı şəkildə təmir olunub, küçədə piyada keçidləri və səkilər qurulub, yolun hər iki tərəfində müasir işıqlandırıcılar quraşdırılıb, qəzalı vəziyyətdə olan körpü yenidən bərpa olunaraq genişləndirilib, küçə boyu milli arxitektura ənənələrinə uyğun ornamentli divarlar hörülüb.

Şəhərin mərkəzində Heydər Əliyev Xatirə parkı ən müasir dizaynda yenidən qurulub, parkda qiymətli bəzək ağacları əkilib, yaşıllıq zolaqları yaradılıb. Ümumi sahəsi 27500 kvm olan sahənin 13500 kvm hissəsinə tamet döşənib, 14000 kvm hissəsinə yaşıllıq salınıb. Ümummilli Lider Heydər Əliyevin abidəsinin ətrafı qranit üzlüklərlə işlənərək yenidən qurulub və sütunlar sal mərmərdən quraşdırılıb. Xatirə parkında 5 ədəd artezian quyusu qazılaraq, nasoslar quraşdırılıb və 3800 metr su xətti çəkilib, 140 ədəd işıq dirəyi quraşdırılıb. 3 ədəd fontan əsaslı təmir olunub, işıqlandırma qurğusu və nasoslar yenilənib. İzafi suların xaric olunması üçün 400 metr uzunluqda drenaj çəkilib. Parkda 62 ədəd yenidən quraşdırılmış oturacaq, 62 ədəd zibilqabı qoyulub. Yaşıllıqların salınması üçün 1600 maşın (16 min metr kub) torpaq daşınıb. Yaşıl ot örtüyünün bərpası üçün 1 ton toxum səpilib. 9500 ədəd qızılgül kolu, 3 min ədəd mövsümi gül, 16 min irili-xırdalı ağac və dekorativ kol əkilib.

Bundan əlavə Həzi Aslanov adına park və qəhrəmanın abidəsi əsaslı təmir olunaraq yenidən qurulub. Abidənin və postamentin köhnə üzlükləri daha qiymətli mərmər üzlüklərlə əvəz olunub.

Hazırda Lənkəran və Liman şəhərləri daxil olmaqla 31 yaşayış məntəqəsi qazlaşdırılıb, 28 yaşayış məntəqəsinin qazlaşdırılması istiqamətində işlər davam etdirilir. O cümlədən, cari ilin may ayınadək rayonun Parakənd, Rvo, Qurumba, Narbağı kəndlərinə təbii qaz verilib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ərəfəsində Şağlakücə, Kosalar və Havzava kəndlərinə təbii qaz verilməsi ilə bağlı açılış tədbirləri keçirilib.

2013-cü ilin iyun-iyul aylarında 4725 təsərrüfatı əhatə edən daha 12 kənd yaşayış məntəqəsində təbii qazın açılışı nəzərdə tutulub.

Lənkəranın giriş hissəsi olan Qumbaşı və Ürgə kəndləri ərazisində mənzərəli yol guşələri yaradılıb. Qumbaşı kəndindəki yol guşəsində rayonun abbreviaturası yenilənib, ətrafında yaşıllıq zolağı salınıb, əraziyə çəmən döşənib. Magistral yolun üstündəki körpü, yol boyunca küçə divarları rənglənmiş və müasir işıqlandırıcılar quraşdırılıb. Ürgə kəndi ərazisində magistral yol boyunca 1455 metr uzunluğunda, 5,2 metr hündürlüyündə yamac formalı torpaq səddi qurulub və üzərinə çəmən otu toxumu səpilib, qarşı tərəfdən ağac şəbəkə və arxa hissədən isə məftillə qoruyucu zolaqla əhatəyə alınıb. Eyni zamanda, ərazidə yol kənarında küknar ağacları əkilib və zolağın qarşı hissəsi ağac şəbəkədən ibarət qoruyucu zolaqla əhatələnib.

Lənkəran beynəlxalq avtovağzalının yerləşdiyi ərazidə yeni yol dairəsi yaradılıb və dairədə postament üzərində saat quraşdırılıb. Gərmətük yol dairəsində də mənzərəli guşə yaradılıb.

Lənkəran şəhərində, qəsəbə və kəndlərdə abadlıq, quruculuq, təmir-tikinti işləri sürətlə davam etdirilir.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə