Bu gün Səs İnformasiya Agentliyində (SİA) Prezident İlham Əliyevin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" sərəncamına uyğun olaraq jurnalistlər üçün inşa edilən yaşayış binasından SİA-nın əməkdaşlarının da mənzillərlə təmin olunması üçün namizədlərin seçilməsi ilə bağlı iclas keçirilib. SİA-nın məlumatına görə, iclasda ilk olaraq çıxış edən SƏS Media Holdinqin rəhbəri Bəhruz Quliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin mediaya diqqət və qayğısının məntiqi nəticəsi olaraq Prezidentin Xüsusi Fondundan ayrılan maliyyə ilə jurnalistlər üçün binanın tikilməsi analoqu olmayan hadisədir: "Biz bunun üçün ölkə rəhbərinə dərin minnətdarlığımızı bildiririk. Bu gün mənzillərin verilməsi üçün tətbiq olunan kriteriyalara uyğun olaraq SİA-nın 3 əməkdaşına mənzillərin verilməsi nəzərdə tutulub. 5 yaşını iki aydan sonra qeyd edəcək agentliyin əməkdaşlarının ümumi yaşı çox cavandır. Buna baxmayaraq aramızda jurnalistika sahəsində kifayət qədər təcrübəsi və stajı olan jurnalistlərimiz də var. Ümid edirəm ki, burada olan gənclərimizə də gələcəkdə inşa ediləcək binadan mənzil almaq qismət olacaq. Bu gün 3 namizədimiz var və inanırıq ki, əlaqədar təşkilatlar bizim jurnalistlərin əməyini qiymətləndirib, onları evlə təmin edəcəklər".
Sonra B.Quliyev namizədlərin adlarını açıqlayıb. Onun sözlərinə görə, namizədlərin seçimi qəbul olunan meyarlara tam uyğundur.
Nəticələrin sonunda səsvermə keçirilib və hər üç namizəd yekdilliklə qəbul edilib.
Səsvermədən sonra çıxış edən MŞ-in nümayəndəsi Rəşad Məcid hər üç namizədi təbrik edib: "Ümid edirəm ki, namizədlərin hər biri evlə təmin olunacaq. Jurnalistika çətin sahədir və hər kəs bu işdə sona qədər davam edə bilmir. Buna görə də bu çətin işdə hər birinizə uğurlar arzu edirəm. Gənclərə üzümü tutub deyirəm ki, bütün çətinliklərə rəğmən, bu yolda davam edin və mütləq bunun haqqını alacaqsınız!"
Daha sonra söz SİA-nın icraçı direktoru Vəli Vəliyevə verilib. O çıxışında bildirib ki, heç bir ölkədə jurnalistlərin evlə təmin olunması praktikasına rast gəlinməyib: "Buna görə də cənab prezident İlham Əliyevə və bu ideyanın müəlliflərinə dərin minnətdarlığımı bildirirəm".
İclasda iştirak edən SİA-nın redaktoru Günay Məmmədova isə vurğulayıb ki, o, jurnalistika sahəsindəki ilk təcrübəsini məhz burada keçib: "Jurnalistikaya "Səs" qəzetində başlamışam. Burada keçirdiyim təcrübə müddətində məni öyrədib tam bir jurnalist kimi yetişdiriblər. Çəkdiyim əziyyətin bəhrəsi olaraq, məni məsul vəzifəyə təyin ediblər. Buna görə də SƏS Media Holdinqin rəhbəri Bəhruz Quliyevə minnətdaram. Jurnalistlər üçün inşa edilən yaşayış binası dövlət başçısı tərəfindən həmkarlarımıza ayrılan diqqətin bariz nümunəsidir. Bu baxımdan, prezidentimizə təşəkkür edərək, hər üç namizədi təbrik edirəm. Ümid edirəm ki, hər kəs öz zəhmətinin bəhrəsini görəcək".
Qeyd edək ki, MŞ mənzillərin verilməsi ilə bağlı meyarları bir neçə müddət bundan əvvəl açıqlamışdı. Belə ki, qərara görə, MŞ-ə üzv olan, son 3 ildə mütəmadi olaraq yayımlanan KİV-lər həmin redaksiyada 3 il fəaliyyət göstərən və ümumilikdə isə jurnalistika sahəsində 10 illik iş stajına malik əməkdaşlarının adlarını namizəd kimi irəli sürə bilərlər. Gündəlik qəzetlər və informasiya agentlikləri 3-dək, həftəlik qəzetlər, jurnallar və xəbər portalları 1 namizəd müəyyənləşdirmək hüququna malikdirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB