"ASAN xidmət" mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar artıq səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə başlayacaq. SİA xəbər verir ki, bu məqsədlə 5-20 iyun tarixində Şirvan və Hacıqabul şəhərlərinin sakinləri Dövlət Agentliyinin təqdim etdiyi "Səyyar xidmət"lərdən Şirvan şəhərində yararlana biləcəklər. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunacaq.
Regionlar üzrə göstəriləcək xidmətlərə notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarılışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi daxildir.
Asan xidmətin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Hüseynov deyib ki, cari ilin yanvar ayının 15-dən etibarən fəaliyyətə başlayan "ASAN xidmət" mərkəzinə 115 mindən çox müraciət daxil olub. Onun sözlərinə görə, hər bir müraciət isə yüksək səviyyədə təmin edilib: "İndi isə mərkəz respublika ərazisini tam əhatə etmək məqsədilə bu gündən etibarən regionlarda səyyar formada xidmətlərin göstərilməsini təşkil edəcək. Müasir texnoloji avadanlıqlarla təhciz olunmuş avtobuslar bu gün Şirvan şəhərinə yola düşəcək, qeyd olunan tarixlərdə Şirvan və Hacıqabul şəhərlərində qeydiyyatda olan vətəndaşlara dövlət agentliyinin təklif etdiyi xidmətləri göstərəcəklər. Göstərilən xidmətlər isə 5 dövlət qurumu tərəfindən həyata keçiriləcək 8 xidmət növüdür. Vətəndaşlar müraciət edərək bu xidmətlərdən yararlana biləcəklər".
Anar Hüseynov onu da bildirib ki, iyunun 7-dən başlayaraq iki həftə ərzində Quba şəhərinə səyyar avtobuslar səfər edəcək: "Quba şəhərinin sakinləri də səyyar xidmətlərə müraciət edərək təklif olunan xidmətlərdən istifadə edə biləcəklər".
Qeyd edək ki, "Səyyar xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB