Azərbaycanda ov mövsümünə start verildi

Azərbaycanda ov mövsümünə start verildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2013-2014-cü illərin ov mövsümünü iyunun 1-dən etibarən açıq elan edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bununla əlaqədar vəhşi heyvanların ovlanmasının müddətləri və normaları təyin edilib.

Qaydalara əsasən, bu mövsümdə təkənin 2013-cü il iyunun 1-dən oktyabrın 19-dək, qabanın 2013-cü il sentyabrın 14-dən dekabrın 21-dək, dovşanın 2013-cü il noyabrın 9-dan 2014-cü il yanvarın 11-dək və bataqlıq qunduzunun 2013-cü il oktyabrın 12-dən 2014-cü il fevralın 22-dək ovlanmasına icazə verilir.

Üç nəfərdən az olmamaqla qrup şəklində ovçular 1 baş təkə və 1 baş qaban (çöl donuzu) ovlaya bilərlər. Dovşan ovuna 2 başdan artıq icazə verilmir. Bataqlıq qunduzunu isə yalnız volyerlərdə saxlamaq üçün ovlamaq mümkündür.

Vətəndaşlar ov icazələri almaq üçün ETSN-in aidiyyəti şöbələrinə müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə