“Son zəng” tədbirləri Səbail rayon məktəblərində təntənə ilə keçirilib
"Son zəng" tədbirləri ənənəvi olaraq Səbail rayonu ərazisində yerləşən 18 orta məktəbin hər birində təntənəli şəkildə qeyd olunub. SİA-ya verilən məlumata görə, tədbirlərin keçirilməsi üçün məktəb kollektivləri tərəfindən böyük hazırlıq işləri aparılıb. Kollektiv bilik bayramının yüksək səviyyədə, bütün məzunların və iştirakçıların uzun illər ərzində yadda qalan əlamətdar hadisəyə çevrilməsi üçün əllərindən gələni ediblər.
Səbail rayonunda 18 orta, 1 orta-ixtisas, 1 Peşə məktəbi, 3 uşaq musiqi məktəbi, 20 məktəbəqədər təhsil müəssisəsi, 2 Uşaq yaradıcılıq mərkəzi, 3 idman məktəbi fəaliyyət göstərir. Rayonun orta məktəblərində 2075 nəfər pedaqoji işçi çalışır. Orta məktəblərdə 20919 şagird təhsil alır ki, bu il onların 1506 nəfəri məzundur.
Paytaxtın mərkəzindəki 132-134 saylı təhsil Kompleksində keçirilən son zəng tədbirləri xüsusi təntənə ilə təşkil olunub. Bu il 150 yaşı tamam olan, böyük ənənələrə malik 132-134 saylı Təhsil Kompleksində hazırda 77 sinifdə 2300 şagird təhsil alır. Bu il məktəbi 105 məzun bitirir ki, onlardan 5 nəfəri "Qızıl medal"a namizəddir. Son 2 il ərzində isə məktəbin məzunlarından 5 nəfər "Qızıl" və 1 nəfər "Gümüş" medala layiq görülüb.
Ölkə başçısının sərəncamına əsasən 2010-cu ildə əsaslı şəkildə təmir olunaraq, yenidən qurulan 132-134 saylı Təhsil Kompleksi bu gün şəhərin mərkəzi üçün gözəl memarlıq abidəsinə çevrilib.
"İlin ən yaxşı məktəbi" müsabiqəsinin qalibi olmuş Kompleksdə bu gün 300 nəfər işçi çalışır ki, onların 197-si müəllimdir. Pedaqoji işçilərin 2-si elmlər namizədi, 6-sı əməkdar müəllimdir. Kompleksin 11 müəllimi "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərindəndirlər. 2012-1013-cü tədris ilində 20 nəfər şəhər, respublika və beynəlxalq miqyaslı Olimpiadalarda, 8 şagird idman yarışlarında və 6 şagird isə müxtəlif müsabiqələrdə qaliblər arasında olublar.
"Son zəng" tədbirində məzunları və birinciləri, onların valideynlərini və çoxsaylı qonaqları salamlayan 132-134 saylı Təhsil Kompleksin direktoru, əməkdar müəllim Sara Xanlarova çıxışını Ümummilli lider Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" sözləri ilə başlayıb. Ulu öndərin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan siyasətdən danışıb. O, son vaxtlarda məktəb kollektivinin qazandığı uğurlar barədə məlumat verib və builki məzunlara müstəqil həyatda atacaqları addımlarda uğurlar arzulayıb.
S.Xanlarova həmçinin bu gözəl, hər cür tələblərə cavab verən Kompleksə görə, məktəb kollektivi adından ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Tədbir məktəblilərin musiqili-bədii çıxışları ilə davam edib, müəllimlər, valideynlər, çoxsaylı qonaqlar məzunlara öz ürək sözlərini çatdıraraq onlara müstəqil həyatda uğurlar arzulayıblar. Səbail rayonunun qocaman və tanınmış məktəblərindən olan, 190 saylı məktəb bu il özünün 66-cı buraxılışını keçirir. Məktəbdə hazırda 1105 şagird təhsil alır, burada 115 pedaqoji və 22 texniki işçi çalışır. Bu il 4 sinifdə 88 şagird təhsili başa vurur və onların 2-si "Qızıl medala" namizəddir.
Bu əlamətdar tədbirə toplaşan çoxsaylı şagird və qonaqların qarşısında çıxış edən 190 saylı orta məktəbin direktoru, əməkdar müəllim Afət Bakıxanova bu il 11-ci sinfi bitirən məzunlara uğurlar arzulayıb.
O, qeyd edib ki, 190 saylı məktəb 2009-cu ildə "Ən yaxşı ümumtəhsil məktəbi" adını qazanmış, məktəbin 5 müəllimi "Ən yaxşı müəllimi" müsabiqəsinin qalibləri sırasında olublar. Məktəbdə 3 elmlər namizədi, 1 əməkdar müəllim çalışır.
190 saylı orta məktəb ötən tədris ilində Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən "Tarix aylığı"nın yekunlarına görə I yerə layiq görülüb. Şagirdlərdən 7 nəfər Bakı şəhəri üzrə keçirilən bilik olimpiadalarında I yerə çıxmış, məktəbin 2 müəlliməsi "Ən yaxşı müəllim" müsabiqəsində iştirak edir. Məktəbin şagirdləri ötən tədris ilində rayon və şəhər miqyaslı bir sıra idman yarışlarında mükafata layiq yerlər tutublar.
Bakı Slavyan Universitetində 190 saylı orta məktəbin pedaqoji kollektivi ilə birgə yaradılmış "Ali və orta təhsilin koordinasiyası" kafedrası fəaliyyət göstərir ki, keçən tədris ilində kafedra tərəfindən məktəbdə 2 ustad dərsi və 2 görüş keçirilib.
Dövlət Proqramına uyğun olaraq məktəbin həyətində yerləşən akt və idman zallarının artıq əsaslı təmirinə başlanıb və yeni tədris ilinin başlanğıcında işlər tam şəkildə başa çatdırılacaq.
Tədbirdə məktəbin 1-ci və 11-ci sinif şagirdlərinin hazırladıqları şeir, mahnı və rəqslərdən ibarət çıxışları iştirakçıların çox xoşuna gəlib. Məktəb həyatına əlvida deyən məzunlar doğma məktəbə və onlara dərs deyən müəllimlərə minnətdarlıqlarını çatdırıblar və tədbir böyük bədii proqramla başa çatdırılıb.
Məktəblərdə keçirilən tədbirdə iştirak edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yenilərinin tikintisi, onların bütün ləvazimatlarla təminatı və təhsil işçilərinə olan diqqətin artırılması istiqamətində görülən işlər barədə məlumat verib. İcra başçısı ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın da təhsilin inkişafı istiqamətindəki fəaliyyətləri barədə danışıb.
O, həmçinin qeyd edib ki, dövlət başçısı tərəfindən xalqımızın gələcəyi olan uşaqlara göstərilən diqqət və qayğı, onların sağlam və bilikli böyüməsi istiqamətində həyata keçirilən işlər Səbail rayonunda da öz əksini tapıb: "Son bir neçə il ərzində rayonda aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri çərçivəsində 1 yeni məktəb və uşaq bağçası, 2 orta məktəb üçün əlavə tədris korpusu tikilib, 2 məktəb sökülərək yenidən tikilib, 10 orta təhsil müəssisəsi, 1 peşə məktəbi, 10 uşaq bağçası, 3 uşaq musiqi məktəbi, 2 uşaq texniki yaradıcılıq mərkəzi, 2 idman məktəbi, 1 uşaq poliklinikası əsaslı təmir olunub, bu müəssisələr bütün lazımi avadanlıqlarla təchiz olunublar. Hazırda rayonda daha 2 məktəbin və 1 uşaq bağçasının əsaslı, 1 məktəbin isə idman və akt zallarının təmiri aparılır".
Asif Əsgərov müstəqil həyatın astanasında duran məzunlara uğurlar, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulayıb.
Tədbirlərdə iştirak edən digər qonaqlar müstəqil həyatın astanasında duran məzunlara uğurlar, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulayıblar.
Səbail rayonunun digər məktəblərində də son zəng tədbirləri yüksək təşkilatçılıqla keçib və məzunların həyatında yaddaqalan bir günə çevrilib.
Ənənəvi olaraq orta məktəblərdə keçirilən son zəng tədbirlərində Səbail rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, ağsaqqallar, mədəniyyət xadimləri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB