Masallı şəhərində Gənclər Mərkəzində "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın təbliği və tətbiqi, seçki hüququ məsələlərinin müzakirəsinə həsr olunmuş ictimai dinləmələr keçirilib.
SİA-ya verilən məlumata görə, tədbirdə rayon icra hakimiyyəti, hüquq-mühafizə orqanları, bələdiyyə, QHT-lər, KİV və ictmaiyyət nümayəndələri iştirak ediblər.
Toplantıda çıxış edən Ombudsman Elmira Süleymanova "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" haqqında məlumat verib. O bildirib ki, Milli Fəaliyyət Proqramı insan hüquqları sahəsində islahatların yeni bir mərhələsidir.
Ombudsman ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini ehtiva edən və həyata keçirilməsi müvafiq dövlət proqramları vasitəsilə gerçəkləşdiriləcək "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasını da xüsusi qeyd edib: "Respublikanın yeni inkişaf mərhələsində əsas məqsəd çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatı formalaşdırmaqdır. Bu mərhələ, həmçinin sosial sahədə önləyici inkişafın təmin olunması və əhalinin rifahının yüksək səviyyəyə çatdırılmasından ibarətdir. Bununla yanaşı ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunması insan hüquqlarının da təşəkkülünə mühüm töhfələr verəcək".
E.Süleymanova respublikada insan hüquqları sahəsində ilk proqramın- "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın Ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edildiyini qeyd edib. Ombudsman bu dövlət proqramının, ölkəmizdə müvafiq sahədə önəmli rol oynadığını, o cümlədən Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Milli Fəaliyyət Proqramının 2006-cı ildən uğurla həyata keçirilən İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının məntiqi davamı olaraq, yeni prioritetlərə uyğun konkret istiqamətlər və tədbirlər müəyyən etdiyini bildirib.
E.Süleymanova həmçinin çıxışında 2013-cü ilin Azərbaycanda Prezident seçkiləri ili olduğunu xatırladaraq, seçki təcrübəsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Prezidentinin müvafiq Sərəncamlarının əhəmiyyətini, bu sənədlərin təbliğinin və tətbiqinin zəruriliyini qeyd edib. O, əhalinin seçkilərdə fəal iştirakının, bu seçkilərin də demokratik, ədalətli, şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Sonra çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ictimai dinləmənin əhəmiyyətini qeyd edib. O, dövlət başçısı cənab İlham Əliyevin dəstək və qayğısı nəticəsində, Regionların sosial-iqtisadi inkişafı Proqramına müvafiq olaraq, respublikada, o cümlədən Masallıda sosial-iqtisadi inkişaf siyasətinin uğurla həyata keçirildiyini bildirib.
Sonra müzakirələrdə rayon polis şöbəsinin rəisi Nəriman İmanov, rayon prokuroru Fikrət Əsgərov, xalq hakimi Nemət Musayev, "Yeni həyat" qəzetinin baş redaktoru Əyyub Mehdiyev və başqaları "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın icrası istiqamətində rayonda görülmüş işlərdən, həyata keçirilən tədbirlərdən danışıblar.
Tədbirin sonunda Ombudsman Elmira Süleymanova vətəndaşları qəbul edərək onların müraciətlərini dinləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB