Ombudsman Masallıda ictimai dinləmələr keçirib FOTOLAR

Ombudsman Masallıda ictimai dinləmələr keçirib FOTOLAR

Mayın 30-da Masallı şəhərindəki Gənclər Mərkəzində Ombudsman Elmira Süleymanova "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın təbliği və tətbiqi, seçki hüququ məsələlərinin müzakirəsi məqsədilə ictimai dinləmə keçirib. SİA-nın Cənub bürosunun məlumatına görə, yerli icra strukturları, məhkəmə, prokurorluq, polis orqanlarının, dairə seçki komissiyaları və bələdiyyələrin, habelə ictimaiyyətin, qeyri-hökumət təşkilatları və KİV nümayəndələrinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan icra başçısı Rafil Hüseynov "Regionların sosial-iqtisadi inkişafı Proqramı"na müvafiq olaraq respublikamızda, o cümlədən Masallıda sosial-iqtisadi inkişaf siyasətinin uğurla həyata keçirildiyini, əhalinin rifah halının yaxşılaşdığını və bu sahədə işlərin davam etdirildiyini bildirib.

Toplantıda çıxış edən Ombudsman Elmira Süleymanova "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" haqqında məlumat verərək, Milli Fəaliyyət Proqramının insan hüquqları sahəsində islahatların yeni bir mərhələsi kimi dəyərləndirib.

Müzakirələrdə rayon polis şöbəsinin rəisi Nəriman İmanov, rayon prokuroru Fikrət Əsgərov, rayon məhkəməsinin hakimi Nemət Musayev, "Yeni həyat" qəzetinin baş redaktoru Əyyub Mehdiyev və başqaları "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın icrası istiqamətində rayonda görülmüş işlərdən, həyata keçirilən tədbirlərdən danışıblar.

Tədbirin sonunda Ombudsman Elmira Süleymanova vətəndaşları qəbul edərək onların müraciətlərini dinləyib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə