CASCFEN Mətbuat Şurasını dəstəkləyir

CASCFEN Mətbuat Şurasını dəstəkləyir

"Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) jurnalistlər üçün tikilən evin bölüşdürülməsi ilə bağlı Mətbuat Şurasının (MŞ) müəyyən etdiyi kriteriyaları dəstəkləyir və onların müzakirəsini belə yolverilməz sayır". CASCFEN Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, belə bir açıqlama ilə qurumun sədri Azər Həsrət çıxış edib.

CASCFEN sədri bildirib ki, son günlər bəzi media təmsilçilərinin ölkə Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə gerçəkləşən jurnalistlər üçün qarşılıqsız mənzil ideyasına qarşı çıxışları anlaşılan deyil. "Məgər biz jurnalistlər deyilmiydik ki, dövlətimizin sosial problemlərimizin həllində iştirakını tələb edən? Axı neçə illər ərzində hakimiyyəti məhz ona görə tənqid edirdik ki, media təmsilçilərinin mənzil probleminin həllində iştirak etmir. İndi cənab Prezident məhz özü bu zərurəti dərk edərək Azərbaycan dövlətinin imkanları hesabına jurnalistlər üçün ev tikdirir və nəyə görəsə bundan da siyasi manipulyasiya üçün istifadə edilənlər tapılır", – deyə Azər Həsrət bildirib.

CASCFEN sədri onu da qeyd edib ki, Prezidentin bu xoşməramlı iradəsinə qarşı çıxış edən şəxslər əsasən sosial təminatı yüksək olan, nəinki mənzil probleminin nə olduğunu bilməyən, ümumiyyətlə bahalı maşınları, hətta villaları belə olanlardır ki, onların da jurnalistikanın fəhləliyini edənlərlə bağlı qərar verməsi qəbuledilməzdir.

"Bu adamlar da uzun illər ərzində darısqal kirayə evlərdə sürünərək övladlarının gözünün içinə baxmağa utansaydılar belə danışmazdılar. Ona görə də onları daha anlayışlı olmağa, cənab Prezidentin bu alicənab əməlini gözdən salmamağa, əksinə, belə addımların davamı üçün təqdir etməyə çağırıram. Eyni zamanda istərdim ki, mənzillərin paylanması üçün MŞ-nın müəyyən etdiyi ədalətli və mükəmməl kriteriyaları da hər kəs dəstəkləsin", – deyə Azər Həsrət qeyd edib.

Xatırladaq ki, MŞ aşağıdakı kriteriyaları müəyyən edib:

1. Son 5 ildə mütəmadi olaraq yayımlanan KİV (qəzet, jurnal, informasiya agentliyi və internet xəbər portalı) həmin redaksiyada 3 il fəaliyyət göstərmiş və ümumilikdə 10 il jurnalistlik təcrübəsinə malik əməkdaşların adlarını namizəd kimi irəli sürə bilər.

2. Gündəlik qəzetlər və informasiya agentlikləri 3-dək, həftəlik qəzetlər, jurnallar və xəbər portalları 1 namizəd müəyyənləşdirə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə