Türkiyənin ən böyük media dərnəklərindən biri olan Radio Evi Dərnəyi (RADEV) tərəfindən təşkil edilən ənənəvi 5-ci RADEV "Artı" mükafatı sahibləri məlum olub. SİA-ya verilən məlumata görə, millət vəkili Qənirə Paşayeva RADEV tərəfindən "Yılın Uluslararası Pozitif Kültür Elçisi" mükafatına layiq görülüb.
Millət vəkili bu mükafatı Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının və Azərbaycan Cümhuriyyətilə Türkiyə arasında ilk tarixi anlaşmanın 95-ci ildönümündə qardaş Türkiyədə almasından çox məmnun olduğunu deyib: "Bütün müsəlman Şərqində ilk dəfə qadınlara seçmək və seçilmək haqqı, bir sıra Qərb ölkələrindən də əvvəl məhz Azərbaycanda verilib. Biz bununla hər zaman qürur duyuruq və Cümhuriyyət qurucularına Allahdan rəhmət diləyirik".
Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva RADEV tərəfindən "Yılın Uluslararası Pozitif Kültür Elçisi" mükafatını aldıqdan sonra çıxışında bu mükafatı "Gözəl ölkəm Azərbaycan, gözəl xalqım və şəhidlərimiz adına alıram" deyib. O, çıxışında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində minlərlə günahsız insanın həyatının məhv olması, özü də daxil olmaqla 100 minlərlə azərbaycanlının yaşadığı ağrı-acılardan, 20 ildən artıqdır ki, öz evinə dönə bilməyən azərbaycanlı qaçqın və məcburi köçkünlərdən danışıb.
Millət vəkili Qənirə Paşayevaya mükafatı Türkiyə Böyük Millət Məclisinin Sağlıq Komissiyasının rəhbəri, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri, millət vəkili Necdət Ünivar təqdim edib. Bütün Azərbaycanı və Türk dünyasını Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 95 illiyi münasibətilə təbrik edən Necdet Ünivar, Azərbaycanın milli lideri Heydər Əliyevin "bir millət iki dövlət" kəlamını xatırladaraq Azərbaycan və Türkiyənin hər zaman birlikdə olacağını deyib: "Bu mükafatı millət vəkili Qənirə Paşayevaya təqdim etməkdən çox məmnunam. Çünki o, Azərbaycan qədər Türkiyənin də millət vəkilidir . O, hər zaman Azərbaycanın, Türkiyənin və ümumilikdə Türk dünyasının maraqlarının müdafiə olunması, münasibətlərimizin daha da genişlənməsi istiqamətində yorulmadan çalışır".
Mükafatı alan millət vəkili Qənirə Paşayeva RADEV təşkilatının rəhbərliyinə, həmmüəllifi olduğu "Azərbaycan həqiqətləri" adlı filmlər toplusunu, "Qaradağlı Soyqırımı şahidlərin dili ilə", "Hocalı Soykırımı" kitablarını və "Ruhum Qarabağlıdır" filmini təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB