“Təmiz Şəhər” Moskvada beynəlxalq konfransda iştirak edib

“Təmiz Şəhər” Moskvada beynəlxalq konfransda iştirak edib

Mayın 28-29-da Moskva şəhərində "Tullantıların idarəolunması sistemləri və texniki həll yolları" mövzusunda beynəlxalq konfrans keçirilib. SİA-ya verilən məlumata görə, dünyanın bir çox ölkəsindən tullantıların idarəolunması sahəsində ixtisaslaşmış mütəxəssislər, tədqiqat müəssisələrindən olan peşəkarlar, bələdiyyə və hökumət qurumlarının nümayəndələri, texnologiya və avadanlıq istehsalçılarının iştirak etdiyi konfransda "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti təqdimatçı qismində çıxış edib.

"Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov konfransda "Balaxanı Sənaye Parkı – tullantıların azaldılması və resursların artırılması" mövzusunda təqdimatla çıxış edib. Zakir İbrahimov son illər ölkəmizdə "yaşıl iqtisadiyyat" xüsusilə, təkrar emal sənayesinin formalaşdırılması istiqamətində həyata keçirilən layihələr sırasında Balaxanı Sənaye Parkının ən böyük addım olduğunu bildirib. O, təkrar emal sənayesinin dəstəklənməsi, ətraf mühitə təsirlərin azaldılması və təbii resurslardan qənaətlə istifadə edilməsində böyük irəliləyişə səbəb olacağını vurğulayıb: "Bir istehsal sahəsinin tullantısının digər istehsal sənayesində xammal kimi istifadə olunması nəticəsində təbii resurslara və enerjiyə qənaət olunacaq, ölkədə xammal idxalından asılılıq azalacaq. Azərbaycan hökumətinin "yaşıl biznes"i, o cümlədən təkrar emal sənayesini dəstəkləməsi bu sahələrin surətlə inkişafına gətirib çıxaracaq ki, bu da ölkə iqtisadiyyatının çoxşaxəli inkişafı ilə yanaşı, ətraf mühit, insan səhhətinə mənfi təsirləri və riskləri azaltmış olacaq".

Konfransda bununla yanaşı, Azərbaycanda "yaşıl biznes"in inkişaf etdirməyin üstünlükləri, investisiya güzəştləri, hədəf sənayeləri, infrastruktur, eləcədə nəzərdə tutulan tədbirlər haqqında geniş məlumat verilib. Tədbirdə həmçinin, Balaxanı Sənaye Parkının coğrafi mövqeyi, nəqliyyat qovşağına yaxın məsafədə yerləşməsi istehsal edilib, məhsulların asanlıqla son istifadəçiyə çatdırmağa imkan verdiyi vurğulanıb. Eyni zamanda, potensial investorların Parkın rəsmi internet səhifəsində yerləşdirilmiş, elektron qeydiyyat forması vasitəsi ilə müraciət edə biləcəkləri qeyd olunub.

Təkrar emal müəssisələrini özündə birləşdirən və regionda ilk bu cür sənaye parkı olan Balaxanı Sənaye Parkının təqdimatı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə