Vahid seçicilər siyahısının dəqiqləşdirilməsi prosesi başa çatıb

Vahid seçicilər siyahısının dəqiqləşdirilməsi prosesi başa çatıb

Mayın 29-da Mərkəzi Seçki Komissiyasının üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələri Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzində ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilmiş variantı ilə tanış olublar.

Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsindən AzətTAc-a verilən məlumata görə, dəqiqləşdirmə aparılaraq DSK-lara qaytarılacaq seçici siyahılarının çap prosesi və saxlanma şəraiti ilə tanış olan komissiya üzvlərinin və KİV nümayəndələrinin diqqətinə çatdırılıb ki, vahid seçicilər siyahısının tərtib edilməsi dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçirilib. Siyahıların çap prosesi ilə bağlı bir sıra texniki yeniliklər edilmiş və mövcud emal proqramı yenilənib.

Sonra Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. İclasda Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısının tərtibinə dair məsələ müzakirə olunub. Mərkəzi Seçki Komissiyasının sədri bildirmişdir ki, seçicilərin daimi siyahıları yanvar ayından başlayaraq məntəqə seçki komissiyaları tərəfindən müvafiq seçki məntəqələri üzrə yenidən tərtib edilərək fevralın 5-dək dairə seçki komissiyalarına çatdırılıb. DSK-lar isə seçki dairələri üzrə dəqiqləşdirilmiş seçici siyahılarını aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təhvil verib. Komissiyanın sədri minnətdarlıq hissi ilə qeyd etmişdir ki, seçici siyahılarının dəqiqləşdirilməsi prosesində Respublika Daxili İşlər və Ədliyyə nazirliklərinin müvafiq yerli qurumları, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr seçki komissiyalarına lazımi kömək göstəriblər.

İclasda məlumat verilib ki, Azərbaycan Respublikası üzrə seçicilərin siyahısı aprelin 5-dən etibarən Mərkəzi Seçki Komissiyası tərəfindən dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə dəqiqləşdirilərək yenidən tərtib edilib. İlin əvvəlindən başlayaraq davamlı olaraq aparılan bu irimiqyaslı proses artıq yekunlaşıb. Bu günə olan məlumata görə, ölkə üzrə vahid seçicilər siyahısında 4 986 296 nəfər seçicinin adı var ki, onların 49,40 faizi qadın, 50,60 faizi isə kişilərdir. İlk dəfə səsvermə hüququ əldə edən seçicilərin sayı isə 113 min 977 nəfərdir.

Sonra Mərkəzi Seçki Komissiyasının üzvləri daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə qərarın layihəsi ilə tanış olublar. Komissiya qərara alıb ki, dəqiqləşdirilmiş siyahılar məntəqə seçki komissiyaları tərəfindən təsdiq edilməsi üçün müvafiq dairə seçki komissiyalarına göndərilsin. MSK respublika üzrə seçicilərin daimi siyahısının dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib olunaraq Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirməklə ictimailəşdirilməsi barədə qərar qəbul edib.

İclasda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Komissiyanın iclasında beynəlxalq qurumların, xarici ölkə səfirliklərinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə