DMX: "Bu il Azərbaycanda 12 min nəfər əcnəbi işləyə bilər"

DMX: "Bu il Azərbaycanda 12 min nəfər əcnəbi işləyə bilər"

"Ötən il Dövlət Miqrasiya Xidməti tərəfindən 633 müəssisə və təşkilatda yoxlamalar aparılıb. Yoxlamalar zamanı onlardan 322-də qeyri-qanuni əməklə məşğul olan miqrantlar aşkarlanıb". SİA-nın xəbərinə görə, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşdə belə deyib.

O bildirib ki, hər hansı şirkət əcnəbi vətəndaşları Azərbaycana gətirərək burda onları işlə təmin etmək istəyirsə, bu proses qanun çərçivəsində həyata keçirilməlidir: "Azərbaycan Respublikasının qanunları var və hər bir xarici şirkət buna riayət etməlidir. Ölkəyə qanuni şəkildə daxil olan hər bir əcnəbinin hüquqları Xidmət tərəfindən lazımi səviyyədə qorunur".

Firudin Nəbiyevin sözlərinə görə, xaricdən ölkəyə işləmək üçün gətirilən əcnəbilərlə bağlı Nazirlər Kabineti tərəfindən kvota təsdiq edilib: "2012-ci ildə təsdiq edilmiş kvotada 11 900 nəfər əcnəbinin ölkəmizdə fəaliyyəti nəzərdə tutulmuşdusa, artıq 2013-cü ildə təsdiq edilmiş kvotaya əsasən bu il Azərbaycanda 12 min nəfər əcnəbi işləyə bilər. Ölkə başçısı İlham Əliyevin tapşırığı var ki, Azərbaycanın iqtisadiyyatı bu gün inkişaf edirsə, ilk növbədə öz vətəndaşlarımız işlə təmin olunmalıdır. Biz də bu tapşırıqdan irəli gələn vəzifələri icra edirik. Buna görə də bütün sahələr üzrə öz vətəndaşlarımız işlə təmin olunduqdan sonra biz şirkətlərə əcnəbiləri burya gətirərək işlə təmin etmələrinə icazə veririk".

Bütün xəbərlər Facebook səhifəmizdə