Dünya alimləri Bakıda toplaşıb

Dünya alimləri Bakıda toplaşıb

Bu gün dünyanın 14 ölkəsinin 40-dan çox riyaziyyat və informatika alimi Bakıya toplaşıb. Beynəlxalq konfransa sədrlik edən riyaziyyatçı alim Akif Hacıyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq tədbir Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Azərbaycan Riyaziyyatçılar Cəmiyyətinin və AMEA-nın Riyaziyyat-Mexanika İnstitutunun dəstəyi ilə keçirilir.

Akif Hacıyev qeyd edib ki, dünyada ilk dəfə Azərbaycanda keçirilən bu tədbirdə riyaziyyat və informatika alimləri bir araya gəliblər. Tədbirin Ulu Öndər Heydər Əliyevə həsr olunması dahi siyasətçinin Azərbaycan elminə göstərdiyi qayğı ilə bağlıdır. Akif Hacıyevin sözlərinə görə, 1992-ci ildə elm aləminə olan diqqətsizlik ölkədən xeyli sayda alimin getməsinə səbəb olmuşdu: "Umummilli lider Heydər Əliyev o zaman Elmlər Akademiyasını bağlanmaq təhlükəsindən qurtardı. Ölkəmizi tərk etmiş alimləri yenidən ölkəyə qaytardı, onların sosial həyat şəraiti yaxşılaşdırıldı".

Bundan başqa Akif Hacıyev qeyd edib ki, beynəlxalq konfrans vasitəsi ilə bir sıra dünya ölkələri ilə elm adamları və strukturları ilə əməkdaşlıq əlaqələri qurulacaq.

Qeyd edək ki, Ulu Öndərin xatirəsinə həsr olunmuş beynəlxalq elmi tədbirdə Avropa, Asiya və Cənubi Amerika ölkələrinin nüfuzlu alimləri iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə