KOICA Məzunları Assosiasiyası Füzulidə uşaq bağçasını ziyarət ediblər FOTO
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Nümayəndəliyinin və Koreya Məzunları Assosiasiyasının (KOAZ) birgə təşkilatçılığı ilə bir qrup könüllü Füzuli rayonunda yerləşən uşaq bağçasını ziyarət edib. SİA-ya verilən məlumata görə, qrupa KOICA-nın Azərbaycan Nümayəndəliyinin əməkdaşları, KOAZ üzvləri və "Samsunq Elektroniks" şirkətinin Azərbaycan filialının işçiləri daxil idi. Ötən həftə bağçaya ilkin səfəri zamanı uşaqların ehtiyacları ilə maraqlanmış könüllülər bu dəfə azyaşlıları ərzaq, yataq dəstləri, masa və stullar, yazı ləvazimatları da daxil olmaqla xeyli hədiyyə ilə sevindiriblər. Koreyanın ən böyük şirkəti olan "Samsunq Elektroniks" də bu könüllü tədbirə qoşularaq bağçaya müasir televizorlar, soyuducular, yuyucu maşınlar və digər elektronik avadanlıq bağışlayıb.
Milli Məclisin vitse-spikeri, Füzulidən olan deputat Bahar Muradova da könüllü tədbirdə iştirak edib. Vitse-spiker qurumun Azərbaycana verdiyi töhfəni xüsusilə qeyd edib və KOICA-nın Azərbaycanla Koreya arasındakı dost münasibətlərin inkişafında bundan sonra da mühüm rol oynayacağına ümidvar olduğunu bildirib. O, bu xeyriyyə aksiyası üçün öz təşəkkürünü bildirib və KOAZ üzvlərini cəmiyyətə bu cür töhfə verdiklərinə görə alqışlayıb.
Öz növbəsində, KOICA-nın Azərbaycan Nümayəndəliyinin rezident nümayəndəsi xanım Kim Eun Suk Bahar Muradovaya yardıma görə təşəkkür edib. O, iki ölkə arasında münasibətlərin yüksək səviyyəsini və KOICA-nın Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazır olduğunu qeyd edib.
KOAZ təşkilatının sədri Lalə Əhmədovanın sözlərinə görə, KOAZ ötən il oxşar tədbir həyata keçirərək Sumqayıtda yerləşən uşaq evini ziyarət edib və könüllü tədbirləri mütəmadi şəkildə həyata keçirməyi planlaşdırır.
Qeyd edək ki, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) 1991-ci ilin aprelində inkişaf etməkdə olan ölkələr üçün qrant və əməkdaşlıq proqramları həyata keçirmək məqsədilə dövlət agentliyi kimi yaradılıb. KOICA-nın Azərbaycan proqramı 1994-cü ildə fəaliyyətə başlayıb və KOICA layihə, təxirəsalınmaz yardım, təlim proqramları kimi müxtəlif tip layihələr həyata keçirir. Hazırda KOICA "Azərsu" Açıq Tipli Səhmdar Cəmiyyəti ilə dəyəri 26 milyon ABŞ dolları olan "Abşeron Yarımadasının Kürdəxanı Qəsəbəsində, Su Təchizatı və Kanalizasiya Sisteminin Yaradılması" layihəsi də daxil olmaqla, Azərbaycan hökumətinin sıx əməkdaşlığı ilə 6 qrant layihəsi həyata keçirir.
KOICA-nın təlim proqramı Azərbaycanda İnsan Qaynaqlarının İnkişafını dəstəkləyir. Agentlik 400-ə yaxın azərbaycanlını təhsil almaq və müxtəlif təlim proqramlarında iştirak etmək üçün Koreyaya göndərib. KOAZ (KOICA-nın Azərbaycan Məzunları Assosiyasiyası) bu məzunların bir-biri ilə ünsiyyətinə şərait yaradan, Cənubi Koreya ilə Azərbaycan arasında dostluq münasibətlərinə töhfə verən, həmçinin könüllü fəaliyyət həyata keçirən təşkilatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB