Paytaxtda Beynəlxalq Konfrans öz işinə başlayıb

Paytaxtda Beynəlxalq Konfrans öz işinə başlayıb

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycanda milli patent sisteminin 20 illiyinə həsr olunmuş "İnkişaf etməkdə olan ölkələrdə əqli mülkiyyət hüquqlarının aktual problemləri" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. SİA-nın məlumatına görə, iki gün davam edəcək konfransda çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov ölkədə milli patent sisteminin artıq 20 ildir ki, fəaliyyət göstərdiyini deyib. O bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş bu sistem ölkədə keyfiyyət infrastrukturunun əsas tərkib hissəsindən birinə çevrilib: "20 il ərzində patent sahəsi üzrə normativ-hüquqi baza formalaşıb, əqli mülkiyyət hüquqlarının qorunması istiqamətində beynəlxalq sistemə uğurlu inteqrasiya həyata keçirilib. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizə maraq daha da artıb, dünyada gedən qloballaşma prosesi, bazarın liberallaşması, Azərbaycanda sahibkarlığın inkişafına dövlət qayğısı əqli mülkiyyət sisteminin uğurlu fəaliyyətinə təminat yaradıb".

Patent sisteminin yaradılmasının müstəsna hüquq sahibinin Ulu Öndər Heydər Əliyev olduğunu deyən Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib ki, artıq sistem beynəlxalq standartlarla ayaqlaşa bilir: "Ölkəmizdə patent sistemi sürətlə inkişaf edir. Dövlət başçısının rəhbərlıiyi ilə milli patent sistemimiz həm Avropa, həm də beynəlxalq patent sistemilə uyğunlaşıb".

Daha sonra çıxış edən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının departament rəhbəri Mixail Svantner deyib ki, çox az sayda millətlər var ki, belə sürətlə inkişaf edir: "Azərbaycanın həm iqtisadi, həm siyasi, həm də sosial inkişafı hər kəsə məlumdur. Azərbaycan çox qısa zamanda modernləşmə siyasəti yürüdərək patent sahəsində də uğur qazanıb".

Konfransda Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarrioninin tədbir iştirakçılarına video müraciəti yayılıb. Müraciətdə bildirilib ki, Azərbaycan dövlətinin apardığı siyasətin başlıca məqsədi prezident İlham Əliyevin vurğuladığı kimi, nefti - "qara qızılı" insan kapitalına çevirməkdən ibarətdir: "Hazırda Azərbaycanda və bütün dünyada müasir, modern iqtisadiyyatın ən mühüm sosial-mədəni amilinə çevrilən insan kapitalının formalaşmasına, möhkəmlənməsinə və inkişafına xüsusi diqqət göstərilir. 20 illik inkişaf yolu keçmiş milli patent sisteminin bundan sonrakı hədəfi insan intellekti, zəkası, əməyi ilə əldə olunan nailiyyətlərlə paralel addımlamaqdır".

Qeyd edək ki, beynəlxalq Konfrans hazırda öz işini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə