Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) V qurultayına namizədlərinin seçilməsi ilə bağlı YAP Abşeron rayon təşkilatının IX konfransı keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq rayonun mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin büstü konfrans iştirakçıları tərəfindən yad edilib. Daha sonra YAP Abşeron rayon təşkilatının iclas zalında keçirilən konfransda çıxış edən təşkilatın sədri Bilman Vəliyev rəhbərlik etdiyi qurumun yaranma tarixi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev çıxışında bildirib ki, təşkilatda partiya üzvlərinin sayı 6500 nəfərdir: "Son 2 ildə təşkilatda 21 ərazi ilk partiya təşkilatı yaradılıb. YAP siyasi səhnəyə 20-ci əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranan mürəkkəb ictimai-siyasi şəraitdə gəlib: "YAP Ümummilli Lider Heydər Əliyevin ideyalarını həqiqətə çevirən nüfuzlu bir siyasi təşkilatdır. Partiyamız bu gün ölkənin aparıcı siyasi qüvvəsi kimi dünyanın lider siyasi təşkilatı imicini formalaşdırıb".
YAP Abşeron rayon təşkilatının qadınlar şurasının sədri Teybə Hüseynova vurğulayıb ki, Azərbaycan qadınları hər zaman önəmli yerlərdən birini tutub: "Ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycanda qadınların rolu daha da artıb. Ulu Öndər Heydər Əliyev hər zaman qadınlarımız haqqında yüksək fikirlər söyləyib. Prezident İlham Əliyev də bu siyasəti uğurla davam etdirir. Təşkilatımızın 6500 üzvü var və onların 3500-ü qadınlardır. Onların da 1600-ü gənc, 1612 nəfəri isə təhsil işçiləridir".
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə çıxışında qeyd edib ki, bu il Azərbaycan xalqı üçün çox önəmlidir, çünki növbəti dəfə ölkəmizdə prezident seçkiləri keçiriləcək: "Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan və bu gün Prezident İlham Əliyevin sədri olduğu YAP-ın nüfuzu gündən-günə artmaqdadır. YAP-ın cəmiyyətin inkişafını hədəfləyən çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik, milli maraqlar ətrafında sıx birləşdirməsi onun tərəfdarlarının sayının yüz dəfələrlə artmasına səbəb olub. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan nəinki Cənubi Qafqazda, eləcə də Avropada lider dövlətə çevrilib".
Daha sonra "SƏS" qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirib ki, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranan siyasi təşkilatdır. Tarixi zərurətdən yaranan təşkilatları isə xalqın gücü və iradəsi ilə təsis edirlər ki, burada YAP-ın ən ali məqamda dayanması deyilənlərin bariz nəticəsidir. Partiyanın ideyalarına sadiq qalan insanlar, ziyalılar, ictimai-siyasi xadimlər bu gün də YAP-da təmsil olunmaqla partiyanın fəaliyyətində müstəsna xidmətlər göstərirlər".
Konfransın sonunda Yeni Azərbaycan Partiyasının V qurultayına 10-a yaxın nümayəndə seçilib. Bununla yanaşı, konfransda təşkilata yeni üzv seçilənlərə üzvlük vəsiqələri təqdim olunub. Təqdimatdan sonra isə konfrans iştirakçılarının dövlət başçısı İlham Əliyevə müraciəti ünvanlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB