Region gəncləri üçün beyin mərkəzləri qurulur

Region gəncləri üçün beyin mərkəzləri qurulur

Gənclər üçün Təhsil Mərkəzi regionlarda gənclərin iştirakı ilə beyin mərkəzlərinin yaradılmasına başlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan layihənin əsas məqsədi, gənclərin analiz və təhlil etmək bacarığını inkişaf etdirmək, onların baş verən ictimai-siyasi hadisələrə düzgün qiymət verməsini təşviq etmək, eyni zamanda gənclərin təşəbbüskarlığının artırılmasına kömək etməkdir.

Mərkəzdən SİA-ya verilən məlumata görə, pilot olaraq, Gəncə, Mingəçevir, Ağcabədi və Hacıqabulda nəzərdə tutulan beyin mərkəzlərinin qurulması üçün həmin regionlardan olan gənclər üçün təlim proqramlarına başlanılıb. Eyni zamanda praktiki fəaliyyətlər vasitəsilə gənclərin bilik və bacarıqlarının artırılmasına şərait yaradılacaq.

Layihənin əlaqələndiricisi Qızılgül Teyyubovanın verdiyi məlumata görə, yaranacaq beyin mərkəzləri region gənclərinin yeni təkliflərlə çıxış etmələrinə, onları inkişaf etdirmələrinə, o cümlədən reallaşdırmalarına kömək edəcək. Gələcəkdə bu mərkəzlər vasitəsilə gənclərimizin xarici ölkələrdəki beyin mərkəzlərinə tanışlıq səfərlərinin həyata keçirilməsi də nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə