Astarada İcra başçısı sakinlərlə növbəti görüşünü görüşüb FOTOLAR

Astarada İcra başçısı sakinlərlə növbəti görüşünü görüşüb FOTOLAR

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Şiyəkəran kənd inzibati ərazi dairəsi nümayəndəliyində növbəti səyyar qəbul görüşünü keçirib. 5130 nəfər əhalisi olan bu kənddə 1820 təsərrüfat vardır. Ərazidə 2 tam orta məktəb, 1 körpələr evi – uşaq bağçası, 6 fermer təsərrüfatı, 600 hektar əkin sahəsi mövcuddur.

Rayon İcra Hakimiyyəti başçısının Şiyəkəran kənd ərazi icra nümayəndəsi Tofiq Əliyev çıxış edərək ərazidə son aylarda aparılan geniş quruculuq və abadlıq işləri, Şiyəkəran kəndində əhalinin sıx yerləşdiyi məhəllədə, 1 saylı tam orta məktəbə gedən yolun asfaltlaşdırılması barədə ətraflı məlumat verib.

Şiyəkəran kənd 1 saylı tam orta məktəbin müəllimi Kamil Səmədov çıxışında qeyd edib ki, hörmətli icra başçımızın əhali ilə keçirtdiyi ilk görüşdə pedaqoji kollektivimizin 76 üzvü və yüzlərlə şagirdi adından məktəbimizə gələn yolun bərbad vəziyyətdə olmasından və imkan daxilində minlərlə kənd sakininin yaşadığı və istifadə etdiyi bu yolun asfaltlaşdırılması barədə təklif vermişdim. İndi həmin vaxtdan cəmi bir neçə ay keçir. Sözün düzü inanmırdıq ki, bu qısa müddətdə illərlə həsrətində olduğumuz arzumuz həyata keçəcək. Biz çox sevinirik ki, ilk görüşdə verdiyimiz təklif çox qısa müddətdə və yüksək keyfiyyətlə yerinə yetirilib, 2 kilometrə yaxın məsafəni əhatə edən yol tam asfaltlaşdırılıb. Bu ərazidə yaşayan minlərlə kənd sakini bizə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildirirlər.

Kənd sakinlərindən Məmmədşah Məcidov, Yaşar Əliyev, Tarif Həsənov, Hacı Əsgər Zeynalov çıxış edərək son aylarda rayonda və eləcə də Şiyəkəran kəndində aparılan abadlıq və quruculuq işlərindən razılıqlarını bildirmiş və ərazidə sıradan çıxmış elektrik dirəklərinin dəyişdirilməsi, kəndin ikinci hissəsinə telefon xəttinin çəkilməsi, asma körpünün və 1 saylı tam orta məktəbin əsaslı təmir edilib yenidən qurulması, məhəllə yollarının asfaltlaşdırılması barədə təkliflər irəli sürüblər.

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev səyyar qəbuldan sonra bir sıra kənd sakinləri ilə fərdi şəkildə səmimi söhbətlər aparıb. Kənd sakini 18 uşaq anası Rəfiqə Qəhrəmanova icra başçısının rayonun bütün yaşayış məntəqələrində olduğu kimi, Şiyəkəran kəndində də qaldırılan təkliflərə həssaslıqla yanaşması və bununla əlaqədar konkret tədbirlər görməsini yüksək qiymətləndirib.

Kənd sakini, Şiyəkəran kənd dini icmasının sədri Rusif Məmmədov məscidin yardımçı binasının dam örtüyünün dəyişdirilməsi barədə qaldırdığı təklifin icrasına köməklik göstərilməsi barədə xahişi müsbət qarşılanıb.

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev tədbirin sonunda çıxış edərək son aylarda respublikada, rayonda və eləcə də Şiyəkəran kəndində aparılan geniş quruculuq və abadlıq işləri barədə məlumat verib, bütün görülən işlərin ulu öndər Heydər Əliyevin siyasətinin parlaq nəticəsi olduğunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi Regionların sosial-iqtisadi inkişafı sahəsində Dövlət Proqramlarının icrası ilə əlaqədar həyata keçirildiyini xüsusi vurğulayıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə