"Təmiz Şəhər" ASC ictimaiyyətin maarifləndirməsi istiqamətində fərqli və maraqlı tədbirlərini davam etdirir. Heydər Əliyev Fondunun dəstəyi ilə növbəti maarifləndirmə kampaniyası son zamanlar xüsusilə gənclər arasında məşhur olan "Kod Da Vinçi" turniri şəklində təşkil olunub. "Təmiz Şəhər" ASC- dən SİA-ya verilən məlumata görə, dolayı maarifləndirmə kampaniyası olan "Kod Da Vinçi" oyunu tullantıların idarəolunması və ətraf mühitin mühafizəsi sahəsində gənclərin biliklərinin artırılmasına xidmət edir.
Qeyd edək ki, "Kod Da Vinçi" məntiqi-intellektual komanda oyunudur. Oyun zamanı komandaların üzvləri növbəti mərhələyə keçmək üçün "açarları" axtarırlar. Oyunun aparıcısı tapşırığı hər bir komandanın kapitanına verir. Sualın açarları və ya hər hansı bir cavabı oyun keçirilən ərazidə gizlədilir. Oyunçular məntiqi sualların cavablarını tapdıqdan sonra növbəti mərhələyə keçmək imkanı əldə edirlər. Beləliklə, hər mərhələdən sonra növbəti mərhələ gəlir. Sonda ən çox mərhələ dəf edən komanda qalib gəlir.
Bu dəfə "Təmiz Şəhər" ASC tərəfindən 3 mərhələli şəkildə təşkil olunan "Kod Da Vinçi" məntiqi-intellektual oyunu tullantıların idarəolunması, ətraf mühitin mühafizəsi mövzularına həsr olunub. Oyunun birinci mərhələsi - "Facebook" sosial şəbəkəsində keçirilən turnir gənclər tərəfindən böyük maraqla qarşılanıb. "Təmiz Şəhər" ASC-nin "Facebook" səhifəsində yerləşdirilən sualların cavablandırılmasında gənclər aktiv iştirak edib və ən çox xal toplamış 60 nəfər ikinci mərhələyə keçib.
Növbəti mərhələ mayın 11-də Qala qəsəbəsində təşkil olunub. Bu mərhələdə əsas hədəf Qala qoruğunun müxtəlif yerlərində gizlədilmiş "açarları" toplamaqla digər mərhələyə keçmək idi. 5 nəfərdən ibarət 12 komanda verilən məntiqi sualların "açarlarını" taparaq sualları cavablandırıblar. Beləliklə, verilən 10 sualı birinci və düzgün cavablandıran 6 komanda, final mərhələsində iştirak haqqı qazanıb.
Mayın 25-də İçərişəhər ərazisində turnirin üçüncü - final mərhələsində 40 nəfər iştirak edib. İştirakçılara daha mürəkkəb suallar ünvanlandırılıb və verilən sualları hamıdan birinci cavablandıran komanda qalib olub. Qaliblər "Təmiz Şəhər" ASC tərəfindən sertifikat və mükafatlarla təltif olunublar.
"Kod Da Vinçi" turniri "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin təşkilati dəstəyi ilə keçirilib.
Qeyd edək ki, turnir Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Təmiz Şəhər" ASC tərəfindən həyata keçirilən "Təmiz Qala" layihəsinin maarifləndirmə proqramı çərçivəsində keçirilib. Layihənin məqsədi Qala qəsəbəsində tullantıların çeşidlənmiş şəkildə toplanması, daşınması və utilizasiyasını müasir şəkildə təşkil etmək və əhalinin bu sahədə maarifləndirməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB