"Təmiz Şəhər" ASC cari ilin əvvəlindən etibarən Balaxanı qəsəbəsində yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi və Bərk Məişət Tullantılarının Yandırılması zavodlarına məlumat turlarının təşkilinə başlayıb. SİA-ya verilən xəbərə görə, tullantıların idarə olunması, bu sahədə yaradılmış infrastruktur kompleksləri ilə ictimaiyyətin məlumatlandırılması və ətraf mühitin mühafizəsinə məsuliyyətin artırılması məqsədilə keçirilən məlumat turlarına əhali tərəfindən böyük maraq göstərilir. İndiyədək turlarda 200-dən çox məktəbli, tələbə və müəllim iştirak edib.
Sayca 6-cı olan növbəti məlumat turu mayın 24-də "Avropa Tələbələr Forumu-Sumqayıt" İctimai Birliyinin (AEGEE-Sumqayıt) üzvləri üçün keçirilib. Balaxanı qəsəbəsində yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi və Bərk Məişət Tullantılarının Yandırılması zavodlarına səfər edən qonaqlar tullantıların çeşidlənməsi və zərərsizləşdirilməsi prosesləri ilə tanış olublar.
Əvvəlcə iştirakçılar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda olublar və fəaliyyətini əks etdirən qısa filmi izləyiblər. Sonra idarəetmə otağında quraşdırılmış monitorlar vasitəsilə zavodda gedən proseslər nümayiş olunub və ətraflı şəkildə izah edilib. Zavodda tullantıların çeşidlənməsi prosesini izləyən tələbələri maraqlandıran suallar "Təmiz Şəhər" ASC-nin nümayəndəsi tərəfindən cavablandırılıb.
İctimai Birliyinin üzvləri sonra Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda olublar, zavodun fəaliyyəti haqqında film izləyiblər. Tullantıların yandırılaraq zərərsizləşdirilməsi və elektrik enerjisi alınması prosesi "Təmiz Şəhər" ASC və zavodun nümayəndələri tərəfindən onlara izah olunub və müzakirələr aparılıb. Daha sonra idarəetmə otağında şüşə arxasından və onlayn-monitorlar vasitəsi ilə tullantıların yandırılması prosesi əyani şəkildə izlənilib.
Qeyd edək ki, "Təmiz Şəhər" ASC tərəfindən tullantıların idarəolunması sahəsində ictimaiyyətin məlumatlılığının artırılması məqsədilə həyata keçirilən bu turlar mütəmadi olaraq davam etdiriləcək. Turlarda iştirak etmək istəyənlər [email protected] ünvanına məktub göndərə və ya +994124644111 telefonu ilə əlaqə saxlaya bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB