Lənkəranda “Çay bayramı”

Mayın 22-də Lənkəranın Vilvan kəndində "Çay bayramı" keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə tədbirə hüquq-mühafizə orqanları, idarə, müəssisə rəhbərləri və astaralı çay mütəxəssisləri qatılıblar.Təcrübəli çay mütəxəssisi, fermer İlyas Əliyevin bayramsayağı bəzədilmiş çay plantasiyasında tərtib edilmiş xüsusi stendlərdə nümayiş olunan yerli emal müəssisələrinin istehsalı olan müxtəlif növ çay məhsulları diqqəti cəlb edirdi. Mərasim Lənkəranda ilk dəfə çayın becərilməsi, emalı barədə verilən məlumatla başlanıb.

Sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı çıxış edərək ulu öndər Heydər Əliyevin sağlığında aqrar sahəyə mühüm diqqət yetirdiyini xüsusi vurğulayıb. Bildirib ki, "Çay bayramı"nın bu günlərdə 90 illiyini təntənə ilə qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin yubileyi dövrünə düşməsi də təsadüfi deyil. Ümummilli liderin sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkə iqtisadiyyatı, o cümlədən Lənkəranda kənd təsərrüfatı yüksək səviyyədə inkişaf edib. Tərəvəzçiliklə yanaşı çayçılıq özünün intibah dövrünü yaşayıb. Ulu öndərin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra tənəzzülə uğramış kənd təsərrüfatı həyata keçirilmiş radikal islahatlar nəticəsində yenidən dirçəlməyə başlayıb. Çayçılığın dayanıqlı inkişafı üçün hazırda möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən mühüm tədbirlər həyata keçirilir.

Taleh Qaraşov əlavə edib ki, hazırda çayçılığın inkişaf etdirilməsi üzrə xüsusi proqram hazırlanıb. Bu proqram Azərbaycanda çayçılığın ənənəvi olaraq inkişaf etdiyi bölgələrdə, o cümlədən Lənkəranda həyata keçiriləcək. Görülən işlərin artıq öz bəhrəsini verdiyini qeyd edən İcra başçısı son üç ildə Astara və Lənkəran rayonlarında 500 hektar çay sahəsinin salındığını diqqətə çatdırıb. Natiq bu sahənin inkişafında professor Fərman Quliyevin, fermerlərdən Araz Yağubovun, İlyas Əliyevin və digərlərinin əməyini yüksək qiymətləndirib. İcra başçısı çayçılığın təbliğində ötən ildən nəşrə başlayan "Yaşıl çay" jurnalının fəaliyyətini xüsusi dəyərləndirib. İcra başçısı Lənkəran çayının keçmiş şöhrətinin bərpa edilməsi istiqamətində əməyi olan hər kəsə öz minnətdarlığını bildirərək sonda qarşıdan gələn prezident seçkilərində düzgün seçim etməyi , xalqın ən ləyaqətli oğluna səs verməyə çağırıb.

Sonra Azərbaycan ET Bağçılıq və Subtropik Bitkilər İnstitutunun Lənkəran çayçılıq və subtropik filialının direktoru Fərman Abdullayev, fermer İlyas Əliyev, Rayon Veteranlar Şurasının sədri Musarza Əzimov çıxış edərək rayonda çayçılığın yenidən bərpası və daha da inkişaf etdirilməsini, kənd yerində yeni iş yerlərinin yaranmasına təkan verəcəyini qeyd ediblər.

Sonda icra başçısı "Çay bayramı"nın hər il keçiriləcəyini, bununla yanaşı hər ilin sonunda əvvəllər keçirilən Məhsul Bayramının bərpa olunmasının vacibliyi qeyd edərək bir daha tədbir iştirakçılarını "Çay bayramı" münasibətilə təbrik edib.

Çay süfrəsi ətrafında keçən bayram şənliyi "Nənələr" folklor qrupu,uşaq rəqs kollektivi və ayrı-ayrı müğnnilərin ifasında səslənən musiqi nömrələri tədbirə xüsusirəng qatıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə