IDEA kampaniyası “Beynəlxalq Biomüxtəliflik günü”nü qeyd edib FOTO

IDEA kampaniyası “Beynəlxalq Biomüxtəliflik günü”nü qeyd edib FOTO

IDEA (International Dialaogue for Environmental Action) kampaniyası "Beynəlxalq Biomüxtəliflik günü" ilə əlaqədar seminar-təlim təşkil edib. Qurumdan SİA-ya verilən məlumata görə, ətraf mühitə və biomüxtəlifliyin qorunmasına xüsusi marağı olan 20-dən artıq tələbənin iştirak etdiyi seminar Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən IDEA Resurs Mərkəzində baş tutub.

Tədbirdə ekspert qismində Azərbaycan Oriontoloji Cəmiyyətinin sədri, biologiya elmləri üzrə fəlsəfə doktoru Elçin Sultanov iştirak edib.

Seminar interaktiv şəkildə keçirilib və gənclərin maraqlı müzakirələri ilə yadda qalıb. Tədbir zamanı xüsusi qeyd edilib ki, hazırda dünyada 15 milyondan çox canlı növü mövcuddur və hər gün yüzlərlə növ tələf olmaq təhlükəsi ilə üzləşir.

Ekspert tərəfindən xüsusi qeyd olunub ki, sualtı canlı aləmin qorunması istiqamətində heç bir tədbir görülməsə, 2100-cü ilə qədər dənizdə mövcud olan bütün növ bitki və heyvan növlərinin yarısından çoxunun məhv olmaq təhlükəsi var.

Qeyd edək ki, seminar başa çatdıqdan sonra qonaq qismində çıxış edən ekspert və gənclərin birgə iştirakı ilə IDEA kampaniyasının 2012-ci ilin may ayında elan etdiyi "Quş sığınacağı dizaynı" müsabiqəsinin qalib eskizinə uyğun hazırlanmış quş sığınacaqları Flarmoniya bağında quraşdırılıb.

Xatırladaq ki, IDEA kampaniyası 12 iyul 2011-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən təsis edilib və kampaniya ətraf mühitin qorunması üzrə regional və beynəlxalq əməkdaşlıq şəbəkəsi quraraq biomüxtəlifliyin qorunması ilə bağlı insanları maarifləndirmək istiqamətində müxtəlif ekoloji layihələr həyata keçirməkdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə