Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Türkiyə Cümhuriyyətinin Əskişəhər Anadolu Universiteti arasında qarşılıqlı əməkdaşlıq haqqında razılaşma əldə olunub. SİA-ya verilən məlumata görə, sənəd AMEA-nın prezidenti akademik Akif Əlizadə və Anadolu Universitetinin rektoru, fəlsəfə doktoru professor Davud Aydın tərəfindən imzalanıb. İmzalanma mərasimində A.Əlizadə AMEA ilə Türkiyənin elmi təşkilatları arasındakı mövcud əməkdaşlıq əlaqələrindən qısaca danışıb. Akademik qardaş ölkənin məşhur Anadolu Universiteti ilə yeni əməkdaşlığın çox önəmli olduğunu bildirib.
Davud Aydın rəhbəri olduğu universitetin fəaliyyətindən geniş bəhs edib. Qonaq bildirib ki, Anadolu Universiteti yalnız təhsil yox, həm də elm ocağıdır. Mükəmməl elmi və texniki imkanlarla təmin olunmuş universitet, elmin müxtəlif istiqamətlərində aparmış olduğu tədqiqat və layihələrlə, savadlı kadrlar yetişdirməklə məşhurdur. Türkiyəli professor əlavə edib ki, bu il mayın 7-də Anadolu Universitetində "Heydər Əliyev Mərkəzi" təşkil olunub. Bu qurum vasitəsi ilə Azərbaycan və Türkiyə alimlərinin müştərək tədqiqatlar aparmaları nəzərdə tutulur.
Beşillik müqavilədə AMEA Anadolu Universitetindəki "Heydər Əliyev Mərkəzi" ilə birlikdə tarix, ədəbiyyat, dilçilik, incəsənət, iqtisadiyyat, arxeologiya və etnoqrafiya sahələri üzrə elmi-tədqiqat işləri aparmaq vəzifəsini öz üzərinə götürür. Monoqrafiya və məqalələr hazırlayıb nəşr etdirmək, Anadolu Universitetinin əməkdaşlarını AMEA-da keçirilən elmi tədbirlərə və forumlara dəvət etmək, Heydər Əliyev Mərkəzini Azərbaycan xalqının Ümummilli lideri haqqında nəşr olunan elmi və bədii əsərlərlə təmin etmək də Azərbaycan tərəfinin vəzifələri sırasındadır.
AMEA-da çalışan görkəmli alimlər Anadolu Universitetinin tələbələri və Heydər Əliyev Mərkəzinin dinləyiciləri üçün Bakıdakı İnformasiya Texnologiyaları İnstitutunun vasitəsi ilə video dərslər də keçəcək.
Türkiyə tərəfi isə AMEA ilə birlikdə ortaq simpozium və seminarlar keçirmək, universitetdə təşkil olunan elmi və mədəni tədbirlərə Azərbaycanın tanınmış alimlərini dəvət etmək, AMEA-nın Tarix, Ədəbiyyat, Dilçilik, İncəsənət və İqtisadiyyat, Arxeologiya və Etnoqrafiya institutları ilə birlikdə kitablar və məqalələr hazırlamaq, araşdırmalar aparmaq, ekspedisiyalar təşkil etmək vəzifələrini öz üzərinə götürür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB