Hacı Surxay: "Azərbaycanda din-dövlət münasibətləri yüsək səviyyədədir" MÜSAHİBƏ

Hacı Surxay: "Azərbaycanda din-dövlət münasibətləri yüsək səviyyədədir" MÜSAHİBƏ

Müsahibizmiz İçərişəhər Cümə məscidinin axundu Hacı Surxaydır:

- Azərbaycanda dini tolerantlıq, məscidlərin, pirlərin tikintisi, təmir edilməsi məsələlərinə necə baxırsınız və ölkəmizdə dinə münasibəti necə şərh edərdiniz?

- Azərbaycanda dini tolerantlıq, din-dövlət münasibətləri yüsək səviyyədədir. Xüsusilə də, son illər Azərbaycanda cəmiyyətə qardaşlıq kimi təqdim olunan dini tolerantlıq əksər dünya ölkələri üçün bir nümunə kimi göstərilir. Allah-Taala Qurani-Kərimdə də insanları birliyə, qardaşlığa dəvət edir. Ölkəmizdə dini müstəvidə olan bütün məsələlər dövlət başçısının nəzarəti altında həyata keçirilir. MDB Məsləhətlər Şurasının qərarı ilə şeyx həzrətlərinin bu şuraya ikinci dəfə baş məsləhətçi seçilməsi bunun bariz nümunəsidir. Dinindən, irqindən asılı olmayaraq bütün insanlara eyni səviyyədə yanaşılır, onlara qarşı heç bir ayrı-seçkilik yoxdur. Burada kifayət qədər yəhudilər, xristianlar olsa da, nə siyasi, nə də ki dini məsələlərdə qarşıdurmalar yaranmayıb və ümüd edirəm ki, bundan sonra da yaranmayacaq. Bu, bizim dövlətimizdən, dinimizdən, mənəviyyatımızdan qaynaqlanan məsələlərdir.

- Bəzi dini radikal ünsürlər Azərbaycanda dindən öz maraqlarının təmin olunması baxımdan istifadə etməyə və hansısa xarici qüvvələrin mənafeyinə uyğun addım atmağa səy göstərirlər. Buna necə münasibət bildirərdiniz?

- Bir insana həyat vermək bəşəriyyətə həyat vermək, bir insanı öldürmək bəşəriyyətə xəsarət yetirmək deməkdir. Heç bir dində - istər islamda, istərsə də bütün səmavi dinlərdə dini radikalizm yoxdur. Təəssüf hissi ilə qeyd edim ki, dindən öz maraqları üçün istifadə etməyə çalışan insanlar da var. Bizim cəmiyyətimiz, kütləvi informasiya vasitələri, əqidə sahibləri bu cür insanlarla həm mənəvi, həm də fiziki mübarizə aparmalıdırlar. Bunlar bizim cəmiyyətimizə, ideologiyamıza xas olmayan cəhətlərdir. Radikalizm harda varsa, orada dini müstəvidən söz gedə bilməz. Bu, bizim əqidəmizə balta vurmaqdan başqa bir şey deyil. Mən bir ilahiyyatçı kimi radikalizmin əlehinəyəm və düşünürəm ki, bu ünsürlər aradan götürməlidir.

- Din pərdəsi altında aksiyalar keçirən, hansısa tələblərlə çıxışlar edən, bir sözlə, dini öz maraqlarının həyata keçirilməsində istifadə edən qüvvələr, siyasi partiyalar da mövcuddur. Bu cür partiyaların fəaliyyətinə qarşı ictimai qınağın mövcudluğunu zərurətə çevirmək olarmı?

- Bunu radikalizmin bir şaxəsi kimi qiymətləndirirəm. Dinin adından piketlərin təşkil edilməsi, küçə yürüşləri və aksiyaların keçirilməsi qanunvericilikdə yolverilməzdir və dinimizdə də bu hallar pislənir. Əgər din bizi qardaşlığa, birliyə səsləyirsə, "ey insanlar, birləşin, qardaş olun" bu toplumu piketlərə sövq etmək olmaz. Allahın yanında ən humanist, ən mütərəqqi din olan islam dini belə qarşıdurmaların qarşısını alır, belə addımları qətiyyətlə pisləyir. Bu insanları Allahın yoluna, haqqa, səbrə dəvət edirik və bu kimi əməllərdən çəkinməyi tövsiyyə edirik.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə