"Azərbaycan ailəsi” film festivalının 5 illik yubiley mərasimi keçirilib

"Azərbaycan ailəsi” film festivalının 5 illik yubiley mərasimi keçirilib

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə "Azərbaycan ailəsi" film festivalının 5 illik yubiley mərasimi keçirilib. SİA-nın məlumatına görə, festival AQUPDK, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə layihəsi çərçivəsində təşkil olunub.

Tədbiri giriş sözü ilə açan AQUPDK-nin sədri Hicran Hüseynova deyib ki, gənc nəsil arasında ailə dəyərlərinin təbliğinin prioritet istiqamətlərindən birini də maarifləndirmə təşkil edir. Festivalın 2009-cu ildən etibarən artıq 5-ci dəfədir ki, keçirildiyini deyən sədrin sözlərinə görə, "Azərbaycan ailəsi" qısametrajlı filmlər festivalı həmin maarifləndirmə işlərinin bir hissəsidir: "Bu ilin martında Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Azərbaycan ailəsi-2013" filmlər festivalına start verilib.

Layihənin məqsədi ailə institutunu möhkəmləndirmək, cəmiyyətdə ailənin nüfuzunu yüksəltmək, milli ailə dəyərlərinin təbliği və yaşadılmasından ibarətdir. Bu il festivala 140 iş təqdim edilib. Bu festival sənətdə ilk addımlarını atan gənc rejissorların istedadlarını, yaradıcılıq imkanlarını nümayiş etdirmələri, öz işlərini geniş tamaşaçı kütləsinə təqdim etməsi üçün geniş imkanlar yaradır".

Sonda münsiflər heyəti təşkilat komitəsinə təqdim olunan materiallarla bağlı üç - ən yaxşı film, ən yaxşı xarici film, ən yaxşı sənədli film nominasiyaları üzrə seçim apararaq qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırıblar.

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə