Əli Həsənov: "Azərbaycan hökuməti istənilən məsələnin müzakirəsinə hazırdır" AÇIQLAMA

Əli Həsənov: "Azərbaycan hökuməti istənilən məsələnin müzakirəsinə hazırdır" AÇIQLAMA

Azərbaycan hökuməti istənilən mövzu, o cümlədən media ilə bağlı istənilən məsələnin müzakirəsinə hazırdır və bunda maraqlıdır. Azərbaycan hökuməti vətəndaş cəmiyyəti institutları, KİV, yerli və beynəlxalq qurumlarla, həmçinin hakimiyyətin digər qanadları ilə insan hüquqları sahəsində prinsipial məsələlərə dair dialoqların keçirilməsini təqdir edir və dəstəkləyir. SİA-nın verdiyi məlumata görə, bunu "İnsan hüquqları üzrə islahatlar: Diffamasiya haqqında qanunvericilik perspektivləri" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

PA rəsmisinin sözlərinə görə, hər bir dialoq, fikir mübadiləsi sonda optimal yolların tapılmasına şərait yaradır, fərqli fikirlərin ümumi ortaq nöqtələrdə uzlaşdırılması üçün müvafiq qurumlara əlavə dəstək verir: "Bu anlamda insanların mətbuatla, medianın cəmiyyətlə münasibətləri məsələlərinə toxunulması, Azərbaycan cəmiyyətində aktual məsələlərdəndir. Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı ilə bağlı mühüm bölmələr 1995-ci ildə qəbul olunan Azərbaycan Konstitusiyasında öz əksini tapıb. Bu Konstitusiyadan sonra qəbul olunan əksər qanunlar və təşəbbüslər cəmiyyətdə insan hüquqlarının təminatının dolğunlaşdırılması, beynəlxalq aləmdə mövcud olan ən qabaqcıl təcrübələrin öyrənilməsi və cəmiyyətdə tətbiqinə yönəlib. Biz elə bir cəmiyyət arzulayır və çalışırıq ki, insanların hüquqlarının balansı qorunsun, hüquqlar dolğun təmin olunsun və hər bir vətəndaş Azərbaycan cəmiyyətinə inamını hiss etsin".

Ə.Həsənov vurğulayıb ki, bunun üçün qanunvericilik təşəbbüsləri bu istiqamətə yönəlməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə