"Milli Şura" ideyası müxalifəti daha da parçalayıb MÜSAHİBƏ

Zakir Hüseynli: "Yalnız adı olan "şura"dan danışmaq düzgün olmaz"
"Milli Şura" ideyası müxalifəti daha da parçalayıb MÜSAHİBƏ

Müsahibimiz ADP-nin sədr müavini Zakir Huseynli müxalifət düşərgəsində yeni qurumların, şuraların, hərəkatların yaranması ideyasının yeni gərginliklər yaratması ilə bağlı suallarımızı cavablandırdı.

- Sizcə dağıdıcı müxalifət düşərgəsi nümayəndələri arasında səngimək bilməyən qarşıdurmaları "Milli Şura" deyilən qurum daha da dərinləşdirəcəkmi?

- "Milli Şura" ideyası söz-söhbətdən başqa bir şey deyil. "Şura"nın yaradılması barədə konkret heç nə yoxdur. Bu barədə nəsə fikir söyləmək məncə yersizdir. Azərbaycan millətinin mənafeyinə xidmət etməyən bir "şura"da, təbii ki, bütün müxalifət nümayəndələri birləşməyəcək. Müxalifət nümayəndələri yenə də ayrılacaq, fikir ayrılıqları olacaq. Bu isə, öz növbəsində, müxalifət düşərgəsindəki gərginliyi artıracaq. "Milli Şura"nın sadəcə adından söhbət gedir və ad hələ o demək deyil ki, bu "şura" yaranıb və ya nəyəsə nail olub. Yalnız adı olan bir "şura"dan nəsə gözləmək və onun haqqında fikir söyləmək doğru sayılmaz. Qeyd edim ki, hansısa qurum bütün müxalifəti deyil, sadəcə bir neçə partiyanı və ya insanı birləşdirəcəksə, o qurumun heç bir perspektivi olmayacaq.

- Rüstəm İbrahimbəyov kimi siyasətdən başı çıxmayan birisinin müxalifəti idarə etməyə başlamasını söyləmək olarmı?

- Rüstəm İbrahimbəyov yalnız siyasi bəyanatlar verməklə məşğuldur. Lakin siyasi fəaliiyyətində heç bir uğuru yoxdur. O, təbii ki, siyasətdən uzaq insandır. Əgər Rüstəm İbrahimbəyov mənəm-mənəmlikdən əl çəksə, hansısa işlər görə bilər. Lakin o, mənəm-mənəmlikdən əl çəkmir. Bu isə, öz növbəsində, müxalifət daxilində yenə də hansısa qruplaşmanın və son nəticədə pərakəndəliyin yaranmasına, dərinləşməsinə gətirib çıxarır.

- Digər müxalifət partiyaları sədrlərini özünə yaxın buraxmayan İsa Qəmbər və Əli Kərimlinin bu gün Rüstəm İbrahimbəyov və Eldar Namazovla eyni mövqedən çıxış etmələri təəccüblü deyilmi?

- Mən ümumiyyətlə, AXCP sədri Əli Kərimlinin və Müsavat başqanı İsa Qəmbərin siyasətini, siyasətdəki rolunu başa düşə bilmirəm. Onlar nə etmək istədiklərini və hansı qəraralar qəbul etdiklərini düşünə bilmirlər. Bu isə, öz növbəsində, onların fəaliyyətlərində boşluqlar yaradır. Onların hansı məqsədlə Rüstəm İbrahimbəyov və Eldar Namazovla eyni mövqedən çıxış etmələri, yəqin ki, özlərinə də bəlli deyil.

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə